Accessibility links

İslam Dövləti yaraqlılarından canlarını qurtararaq Türkiyəyə qaçan minlərlə Yəzidi Türk hokuməti ilə ölkədəki kürd-tərəfdarı hərəkat arasında mübahisə mərkəzindədir.

Hazırda 4 minə yaxın Yəzidi Diyarbakırdakı Çinar qaçqın düşərgəsində məskunlaşıb. Bu, kürd-tərəfdarı HDP partiyasının yerli rəsmilərinin nəzarətində olan 11 qaçqın düşərgəsindən biridir.

Mxerbi Süleyman Türkiyəyə gəlməzdən əvvəl hamilə arvadı və 7 uşağı ilə birlikdə həftələrlə Suriya və İraq dağlarında gizlənib. “Daiş (İslam Dövləti) gələndə biz artıq orada qala bilmədik. Biz qaçmağa məcbur idik. Heç kəs onlara qarşı dura bilməzdi, bu mümkün deyildi. Onlarla döyüşməyə heç bir ordunun da gücü çatmazdı. Biz dağlara qaçmalı olduq.”

Düşərgənin müdiri Mətin Palandikən deyir ki, minlərlə Yəzidi qapının ağzını kəsəndə Diyarbakır bələdiyyəsi düşərgə tikməyə başladı.

Düşərgənin Qadın Mərkəzində çoxu kürddilli olan yəzidilərin uşaqları öz ana dillərində dərs oxuyacaq. Türkiyədəki digər qaçqın düşərgələrindən fərqli olaraq, bu güşərgədə dərslər ərəb dilində deyil, kürd dilində keçiriləcək.

Palandikən dərslərin indiyədək zülmlərə məruz qalan və nəhayət burada inam əldə edən yəzidilərin özləri tərəfindən keçiriləcəyini deyir. “Yəzidilər indiyədək 74 dəfə qətliama məruz qalıb. Buna görə də onlar heç kəsə etibar etmir, əsasən də müsəlmanlara. Lakin son 4 ayda biz onların etibarını qazana bilmişik.”

Yəzidi düşərgələrini idarə edən 15 komitə üzvündən 12-si yəzididir. Lakin düşərgə təşkilatçıları Türkiyə hökumətindən çox az dəstək alındığını deyirlər.

Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyası isə dövlət tərəfindən düşərgələr salındığını, lakin kürt-tərəfdarı HDP partiyasının öz düşərgələrini salmaqla kürdlərin hüquqlarını təşviq etdiyini deyir. “Ədalət və İnkişaf” partiyasının üzvü Fatimə Oncu: “Bununla onlar özlərinə siyasi mənfəət əldə etmək istəyirlər. Bizim məqsədimiz isə qaçqınların təhlükəsizliyidir. Onlar beynəlxalq media üçün şou düzəldirlər. Bura Türkiyədir və burada digər dövlət yoxdur.”

Yəzidilərin çoxu dövlət düşərgələrinə getmək istəmir. Onlar ərəblərlə bir yerdə qalmaq, onları bir də görmək istəmirlər. Qaçqın Məhim İbrahim Eydo İslam Dövlətinin ərəb üzvlərinin onlara zülm etdiyini deyir. “Biz ərəblərlə bir yerdə yaşamaq, onları bir də görmək istəmirik. Mənim qonşularım da ərəb idi, bizi öldürmək istəyənlər də. Mən İraqda ərəblərlə 30 il yaşamışam. Bundan sonra mən 20 il də mübarizə aparsam, uşaqlarımın geri dönüb onlarla yaşamalarını istəmərəm.”

Gələcəklərini artıq Suriya və İraqda deyil, Avropa və ABŞ-da görən yezidilər üçün yanaşı yaşamaq fikri qorxulu gəlir.

XS
SM
MD
LG