Accessibility links

Əhməd Davutoğlu: Azərbaycanın təhlükəsizliyi və suverenliyi Türkiyənin də müstəqilliyi və suverenliyidir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu

Türkiyə və Azərbaycan xarici işlər nazirləri ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması və enerji məslərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Bakıda rəsmi səfərdədir. O bu gün Azərbaycan prezidenti, baş naziri, Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşlər keçirib.

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davutoğlu görüşlərindən sonra birgə keçirdikləri mətbuat konfransında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin intensiv xarakter aldığını diqqətə çatdırıblar.

Davutoğlu avqustda Bakıda keçiriləcək türkdilli ölkələrin Bakıda keçiriləcək sammitində də iştirak edəcək.

Nazir Məmmədyarov deyib ki, Dağlıq Qarabağ münaqişəsi, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin sürətləndirilməsi, bu yoldan koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasında istifadəsi, enerji sahəsində sıx əməkdaşlıq məsələsi danışıqların mövzusu olub.

Ə.Davutoğlu bu ilin noyabrında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçiriləcəyini bildirib.

“Bakı və Ankara Avrasiya regionda aparıcı rolu oynayan paytaxtlardır. Ümid edirik ki, Qafqazda yaxın zamanlarda sülh bərqərar olunacaq. Bunun üçün əsas şərt Dağlıq Qarabağın işğaldan azad olunmasıdır. Beynəlxalq arenada da iki ölkə bir birini dəstəkləyir”.

Nazirlər Türkiyə və Azərbaycanda hər iki ölkənin Mədəniyyət Mərkəzlərinin açılacağını bildirib.

Suallara cavabda nazir Məmmədyarov deyib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır.

“Çünki torpaqlarımız bu günə qədər də işğal altında qalmaqdadır”.

Onun fikrincə, Azərbaycanın həmsədrlərin fəaliyyətindən narazı olmağa obyektiv əsası var.

“Biz çox sevinərdik ki, əgər bu müddət ərzində bu ölkələrin vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Amma bu irəliləyişi görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq”.

İranın Dağlıq Qarabağ münaqişənin həllində vasitəçilik missiyasının mükünlüyü ilə bağlı suala cavabda Məmmədyarov deyib ki, Azərbaycan münaqişənin həlli istiqamətində istənilən ölkədən gələn təklifi alqışlayır.

“Biz istəyirik ki, münaqişənin həlli Ermənistanın işğal olunmuş ərazilərdən öz qoşunların çıxarması ilə başlasın”.

Türkiyə də Minsk qrupunun münaqişənin həlli istiqamətində irəliləyişə nail olmamasından narahatdır.

“Əgər ATƏT-in Minsk Qrupu 20 il ərzində heç nə edə bilməyibsə, o zaman beynəlxalq ictimaiyyətə özünə belə bir sual verməlidir - niyə Azərbaycan torpaqların 20 faizi hələ də işğal altındadır?”, o sual edib.

Nazir hesab edir ki, Minsk Qrupuna üzv dövlətlər bu prosesdə fəal iştirak etməlidir.

“Bildiyiniz kimi Türkiyə də Minsk Qrupun üzvüdür və sülh prosesinə dəstək verməyə hazırdır. Əsas odur ki, münaqişə tez bir zamanda, Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunsun”.

Xarici işlər naziri bəyan edib ki, Türkiyə həmsədrlərə həmişə kömək etməyə hazırdır.

“Minsk qrupunun iştirakçı ölkələrinin səfirlərinin görüşünü təşkil etmək mümkündür".

Amerikanın Səsinin Türkiyə və Avropa İttifaqının Minsk qrupunun həmsədrlik institutuna daxil edilməsinin mümkünlüyü ilə bağlı sualının cavabında Davitoğlu deyib ki, Türkiyə regionda sülh və sabitliyin bərpası üçün hər şey edir.

“Hamımızın arzusu budur ki, həmsədrlərin işləri bir nəticə versin. Amma, əgər 20 ildə münaqişə həllini tapmırsa, azəri qardaşlarımızın vətənlərindən, yurdlarından uzaq qaçqın həyatı yaşayırsa, regional münaqişə davam edirsə, təbii hər kəsin ATƏT-ə təzyiq etməsi lazımdır. Azərbaycanın da tələb etdiyi kimi Minsk qrupu həmsədrləri birgə çalışmaq təklifi verərsə Türkiyə məmnuniyyətlə əlindən gələni etməyə hazırdır. Türkiyənin sülh üçün Qafqazda sülh naminə etməyəcəyi fədəkarlıq yoxdur”, Davutoğlu qeyd edib.

Nazir Davutoğlu Amerikanın Səsinin Ermənistan-Azərbaycan münaqişəsi yenidən aktiv məcraya qədəm qoyarsa Türkiyənin Azərbaycana yardımı və Rusiyanın Kollektiv Təhlükəsizlik Sazişi çərçivəsində Ermənistanı dəstəklədiyi ilə bağlı sualının cavabında deyib ki, Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əzəli və əbədidir.

“Bu dostluq və qardaşlığa Azərbaycanın təhlükəsizliyi, suverenliyi və buna Türkiyə ilə Azərbaycanın dostluğunun sərhədinin olmaması da daxildir. Yəni iqtisadi, siyasi, mədəni əməkdaşlıqla yanaşı təhlükəsizlik sahəsində də hər zaman əməkdaşlığımız olub, var və olacaq. Ortaq hərbi təlimlər də bu çərçivədə atılan bir addımdır. Azərbaycanın təhlükəsizliyi və suverenliyi Türkiyənin də müstəqilliyi və suverenliyidir. Azərbaycanın təhlükəsizliyi və suverenliyi isə bölgənin təhlükəsizliyi üçün əsas şərtdir. Bu istiqamətdə Azərbaycanla hər zaman çalışmaqda davam edəcəyik”, nazir bəyan edib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan iki qardaş ölkədir və dünyada iki ölkənin belə sıx əməkdaşlığının nümunəsi yoxdur.

Nazir deyib: "Əməkdaşlığa dair böyük planlar mövcuddur və artıq bizdə ölkələrimiz arasında bu əməkdaşlığın praktiki nəticələri var".

Türkiyə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, ATƏT-in Minsk qrupuna yeni amerikalı həmsədr gələn ay təyin olunacaq.
XS
SM
MD
LG