Accessibility links

"Türkiyə hökuməti bu hadisədən gələcəkdə legitim siyasi düşüncəni təqib etmək üçün əsas kimi istifadə etməməlidir"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxış edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxış edir

Türkiyədə hərbi çevriliş cəhdi Vaşinqtondakı araşdırma mərkəzləri tərəfindən təhlil edilir. Amerika Tərəqqi Mərkəzi (Center for American Progress) verdiyi açıqlamada hərbi çevriliş cəhdini "ölümlə nəticələnmiş faciəli səhv" adlandırıb.

Mərkəzin milli təhlükəsizlik və beynəlxalq siyasət şöbəsinin rəhbəri Vikram Sinq yazıb ki, Türkiyənin seçkili hökuməti iqtidarı qoruya və nizamı təmin edə bilib.

O qeyd edib ki, Türkiyə hökumətinin cavab verməli olduğu çox sayda sual var. "Hökumət demokratik praktikaya həqarətlə yanaşması, ifadə azadlığının cəzalandırılması və cəmiyyəti qütbləşdirdiyi ilə bağlı haqlı olaraq tənqid edilə bilər"-deyə təhlilçi qeyd edib. Lakin onun sözlərinə görə, hökumətə verilən hər hansı bir cavab hərbi qüvvələrin elementləri deyil, dinc şəkildə xaqldan gəlməlidir.

"21-ci əsrdə olan ölkədə dəyişiklik yalnız seçki məntəqələrindən gələ bilər. Amerika Tərəqqi Mərkəzi çevrilişi rədd edən Türkiyənin siyasi partiyaları ilə bir dayanır. Mərkəz ölkədə zorakı vəziyyətin gərginləşməsinə imkan verməyən bütün insanları alqışlayır"-açıqlamada deyilir.

Mərkəzin təhlilçisi qeyd edib ki, hərbi çevrilişin liderləri ədalət məhkəməsi qarşısına çıxarılmalı və bütün zorakı insidentlərlə bağlı təhqiqatlar aparılmalıdır. Lakin o bildirib ki, hökumətin bundan gələcəkdə legitim siyasi fərqli düşüncənin təqib edilməsi üçün əsas kimi istifadə etməməsi də olduqca vacibdir.

"Amerika Tərəqqi Mərkəzi bu faciədən sonra bütün tərəfləri təmkin göstərməyə və insan həyatı və qanunun aliliyinə hörmət etməyə çağırır"-açıqlamada bildirilir.

XS
SM
MD
LG