Accessibility links

Türkiyə hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarda yaranmış durğunluqla əlaqədar narazılığını ifadə edib. Rəsmi Ankara indi ölkənin gələcəyinin Avropa İttifaqı ilə bağlı olmaya da biləcəyinə dair xəbərdarlıq edir.

Avropa İttifaqına üzvlük məsələsinin durğunluq dövründə olduğu bir zaman Türkiyənin qurumda naziri Egemen Bagış ölkəsinin bu istəyinin baş tutacağına inanmadığını deyib. Baş nazir Rəcəp Tayyib Ərdoğanın baş müşavirlərlərindən biri bu günlər yazdığı məqalədə Türkiyənin bu təşəbbüsünü geri götürməyə çağırıb.

Taraf qəzetində siyasi şərhçi Cengiz Aktar Ankaranın hazırda Avropa İttifaqına üzvlük məsələsində geri çəkilməyə hazır olmadığını bildirir. Lakin o, Avropa İttifaqı əleyhinə açıqlamaların nəticələri ola biləcəyilə bağlı xəbərdarlıq edir: “Hər şey ritorika səviyyəsində qalacaq. Belə bəyanatlar verənlər fikirləşir ki, Avropa İttifaqı əleyhinə danışmaqla onlar ictimaiyyətin gözündə xal qazanır. Bu isə onsuz da soyuq münasibətlərə öz təsirini göstərir.”

Avropa İttifaqının bəzi üzvlərinin müxalifliyi Türkiyədə son üç ildə bu istiqamətdə heç bir inkişafın olmaması ilə nəticələndi. Bu da öz növbəsində Türkiyə ictimaiyyəti arasında Avropa İttifaqına üzvlük məsələsinə dəstəyin azalmasına gətirib çıxarıb. Tükiyə-Asiya Beynəlxalq Araşdırmalar Mərkəzində təhlilçi Murat Bilhan: ”Avropa İttifaqı və Türkiyə arasında məsafə son iki-üç ildə daha da artdı. Türkiyə ictimaiyyəti də Avropa İttifaqına üzvlük məsələsində təslim oldu. Sorğulara əsasən, əhalinin yalnız 3-40 faizi Türkiyənin üzvlüyünə dəstək verir, onlar bu perspektivə inanmır.”

Müşahidəçilərin fikrincə, iqtidarda olan Ədalət və İnkişaf partiyası gələn yerli və prezident seçkiləri qarşısında Avropa İttifaqına üzvlük məsələsindən məharətlə istifadə edə bilər. Bu ilin əvvəli Baş nazir Rəcəp Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatını Avropa İttifaqına alternativ olaraq göstərmişdi. Regional təhlükəsizlik təşkilatına Türkiyə ilə mədəni əlaqələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanla yanaşı,Rusiya və Çin daxildir.

Tükiyə-Asiya Beynəlxalq Araşdırmalar Mərkəzində təhlilçi Murat Bilhan xəbərdarlıq edir ki, Türkiyənin NATO-ya üzvlüyü nəzərə alınsa, Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxın əlaqələr real görünmür. “Şanxay Əməkdaşlıq Təşkilatı Türkiyəni qəbul etməyə meylli deyil, çünki onu Qərbin hissəsi kimi görürlər. Türkiyə burada müşahidəçi statusu olmasını istəyir, lakin o heç bu statusu da ona vermirlər.”

Ekspertin sözlərinə görə, Türkiyə və Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinin Suriya məsələsində də müxtəlif mövqelərdə dayandığını bildirir.

Müşahidəçilər Ankaranın Suriyada müxalifətə güclü dəstəyinin Moskva və Pekinin rəsmi mövqeyi ilə təzad təşkil etməsilə yanaşı, Türkiyənin qonşuları İran və İraqın mövqelərinə zidd olduğunu qeyd edir.

Siyasi təhlilçi Cengiz Aktar Ankaranın diplomatik baxımdan getdikcə daha da təcrid olunduğunu göstərir: “Alternativ axtarışları müvəffəq olmadı. Onlar təkcə uğursuzluğa uğramadı, həm də NATO və Avropa İttifaqı kimi, ölkənin mövcud strateji əlaqələrinə də mənfi təsir göstərdi.”

Müşahidəçilərin fikrincə, Ankaranın bugünkü narazılığına baxmayaraq, Türkiyə Avropa İttifaqına üzvlük məsələsində 50 il bundan əvvəl başlamış təşəbbüsləri davam etdirməli olacaq.
XS
SM
MD
LG