Accessibility links

ABŞ Türkiyə və İraq arasında gərginliyi azaltmağa çalışır


Türkiyə rəsmilərinin bazar günü hərbi qüvvələrin, onların dediyinə görə, kürd peşmərgə komandirlərinin xahişi ilə İraqın Mosul şəhəri yaxınlığında İslam Dövləti qrupunun mövqelərini atəşə tutduğunu açıqlamasından sonra ABŞ rəsmiləri Ankara və Bağdad arasında artmaqda olan gərginliyi azaltmağa çalışır.

Türkiyənin Mosulun geri alınması əməliyyatında iştirak etməkdə israr etməsi ilə bağlı Bağdad və Ankara arasında gərginlik aylardır davam edir. Gərginlik Qərbin İŞİD militantlarını İraqın ikinci ən böyük şəhərindən çıxarmaq məqsədilə aparılan və bir çox rəqib qüvvələrinin iştirak etdiyi yüksək dərəcədə mürəkkəb hərbi kampaniya çərivəsində növbəti problemin yarana biləcəyi ilə bağlı narahatlıqlara yol açıb.

Azad ediləndən sonra Mosul İranla Türkiyə arasında nüfuz uğrunda mübarizə səhnəsinə çevriləcək.

Bir həftə öncə başlayan Mosul əməliyyatından əvvəl ABŞ rəsmiləri anti-İŞİD koalisiyası üzrə müttəfiqlər- iraqlılar, şiə yarı-hərbi qüvvələri, Kürdistan Regional Hökümətinin qüvvələri və yerli sünni qəbilələr arasında mübahisələri həll etməyə çalışırdı. Ən mübahisəli ixtilaflardan biri Türkiyənin cihadçıların Mosuldan çıxarılması əməliyyatında iştirak etmək və militantlar çıxardıldıqdan sonra şəhərin idarə edilməsində "masa arxasında yer" tələbi ilə bağlı idi.

Ötən həftə ABŞ-ın İraqdakı keçmiş nümayəndəsi Zalmay Xəlilzay İraq və Türkiyə arasında silahlı toqquşmanın mümkünlüye ilə bağlı xəbərdarlıq edib. ABŞ-ın xarici siyasət jurnalında məqaləsində “müharibə içində bir yeni müharibənin yaranma təhlükəsinin olduğunu və bunun Mosulun geri alınması və sabitləşdirilmə səylərinə zərər vura biləcəyini” yazıb.

Prinsipial razılaşma

ABŞ müdafiə naziri Eş Karterin regiona üç günlük səfərinin ardından cümə günü ABŞ rəsmiləri Ankara və Bağdad arasında ixtilafı həll edə bildiklərini düşünürdü. Eş Karter türklər və iraqlılar arasında Türkiyə qüvvələrinin hərbi hücumda iştirakı ilə bağlı planının hazırlanmasına vasitəçilik etdiyini deyib. Lakin o, razılaşmanın detallarının hələ yekunlaşırılmadığını etiraf edib.

Heydər əl-Abadi və Eş Karter

Heydər əl-Abadi və Eş Karter

Bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun müxbirlərə Türkiyənin dörd F-16 döyüş təyyarəsinin peşmərgəyə dəstək vermək üçün hazır vəziyyətə gətirildiyini deməsi rəsmi Bağdadı daha da hiddətləndirib.

Ankaranın sünni rəhbərliyi və Bağdadın şiə höküməti arasında mübahisə ilk dəfə 2015-ci dekabr ayında Türkiyə Mosulun qubernatoru Atil Əl-Nucaifinin başçılıq etdiyi 3 min nəfərdən ibarət sünni yarı-hərbi dəstəyə təlim keçmək üçün mindən çox əsgəri qüvvəni Mosuldan 24 kilometr uzaqlıqda yerləşən Başiqa şəhəri ətrafındakı hərbi bazaya göndərməsindən sonra yaranmışdı.

Türkiyə rəsmiləri israr edir ki, əsgəri qüvvənin İraqın şimalında bir məqsədi var. Bu da sünni ərəb şəhəri olan Mosulun İslam Dövləti terrorçu qrupundan geri alınmasından sonra şiə yarı-hərbi dəstələrinin əlinə keçməsinin qarşısını almaqdan ibarətdir.

Türkiyənin mövcudluğu

Bağdad Türkiyənin öz torpaqlarındakı mövcudluğunu suverenliyin pozulması hesab edir və Türkiyəni İraqdan çıxarmağa vadar etmək üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. İraqın baş naziri Heydər Əl-Abadi xəbərdarlıq edib ki, bu qarşıdurma “regional müharibə riski" yarada bilər.

Bəzi təhlilçilər hesab edir ki, Ankaranın İraqın şimalında ambisiyaları Mosulun sünni şəhəri olaraq saxlanmasından daha böyükdür. Ankaranı qorxudan İranın İraq üzərində artan təsiridir. Türkiyə bunun qarşısını Kürdüstan Regional Hökümətini İraqdan ayrılaraq müstəqil kürd dövləti yaratmağa həvəsləndirərək azaltmağa çalışır.

“Azad ediləndən sonra Mosul İranla Türkiyə arasında nüfuz uğrunda mübarizə səhnəsinə çevriləcək,”deyə Demokratiyaların Müdafiə Fondunun təhlilçisi Merve Tahiroğlu bildirib.

Kürdüstan Regional Höküməti və Ankara arasında münasibətlər İraq kürdlərinin iqtisadi baxımdan türklərdən asılı olmağa başlamasından sonra artmağa başlayıb. Ankaranın Türkiyədə fəaliyyəti qadağan edilmiş PKK ilə müharibəyə yenidən başlaması ötən il Türkiyə və Kürdistan Regional Höküməti arasında münasibətlər üçün bir sınaq idi. Lakin Tahiroğlunun dediyinə görə, Ərbildəki Məsud Barzani höküməti də Ankara kimi PKK-nın Suriya və İraqdakı ambisiyalarından narahatdır.

XS
SM
MD
LG