Accessibility links

Atatürk hava limanının fəaliyyəti tam bərpa edilib


İstanbulda 41 nəfərin ölümü, 200-dən çox adamın yaralanması ilə nəticələnmiş terror hücumundan sonra Atatürk beynəlxalq hava limanının fəaliyyəti tam bərpa edilib.

İstanbulun merinin bildirdiyinə görə, ölənlərin azı 10 nəfəri xarici vətəndaşlardır və 239 yaralıdan 109-u artıq xəstəxanadan evə buraxılıb.

Türk Hava Yolları ABŞ-la İstanbul arasında reys də daxil olmaqla bütün uçuşları bərpa etdiyini bildirib.

Baş nazir Binali Yildırım bildirib ki, hər üç intiharçı çərşənbə axşamı taksi ilə izdihamlı aeroporta gələrək, avtomat silahlardan insanlara atəş açmağa başlayıb və sonra üzərlərindəki partlayıcıları partladıb.

“İki bomba partladı və atəş səsləri eşitdim. İnsanlar yerə uzandılar, hər kəs təşviş içində idi. Təxminən bir neçə dəqiqədən sonra bizə oradan uzaqlaşmaq üçün yol göstərdilər, biz də qaçdıq” deyə şahidlərdən bir bildirib.

Binali Yildırım deyib ki, bütün dəlillər hücumun İŞİD ekstremistlərinin törətdiyinə işarə edir.

İŞİD bu ilin əvvəli İstanbulda turistlərin hədəf alındığı iki intiharçı hücumu törədib.

“Bu böyük qırğındır. Türkiyə buna layiq deyil. İnsanlar belə cinayət törətməməlidir” deyə bir İstanbul sakini bildirib.

Ötən il Ankara və İstanbul İŞİD və ya kürd üsyançıları tərəfindən törədilən bir neçə bomba hücumlarına səhnə olub.

Kürd üsyançı qrupu PKK əsasən təhlükəsizlik qüvvələrini hədəf alır. Bu ay polis avtobusuna edilən hücum zamanı 11 nəfər həlak olub.

XS
SM
MD
LG