Accessibility links

Türkiyədə nümayişlər: aysberqin görünən hissəsi


İstanbulun Taksim meydanı yaxınlığında Gezi parkı ilə bağlı hökumətin irəli sürdüyü plana etirazla başlamış nümayişlər getdikcə genişlənərək, əhalinin böyük hissəsinin hakim partiyadan narazılığını əks etdirən aksiyalra çevrildi.

Müşahidəçilər etirazların hakim partiyanın siyasətinə qarşı yönəldiyini bildirir.

Londonda Karl Hollovey universitetində Türkiyə üzrə ekspert Gül Berna Özcan dünyəvi türklərin qəzəbləndiyini və özlərini köməksiz hiss etdiyini deyir.

Gül Berna Özcan: “Əsas məsələ AKP-nin böyük bir şansı əldə verməsidir. Partiya özünü Türkiyədə və hər yerdə ona skeptik yanaşanlara demokratiyaya hörmət etdiyini, demokratiya və islamın birəgə mövcud olub bir-birini gücləndirdiyini göstərə bilərdi.”

Baş nazir Rəcəp Tayyib Ərdoğanın islam yönlü Ədalət və İnkişaf partiyası 10 ildir hakimiyyətdədir. Son seçkilərdə baş nazir Avropa standartlarına görə böyük səs çoxluğu ilə-seçicilərin 50 faizinin dəstəyi ilə yenidən seçilmişdi.

İndi nümayişçilər alkoqollu içkilər və ictimai yerlərdə öpüşməyə qadağalar, mətbuata məhdudiyyətlər də daxil olmaqla yürüdülən siyasətdən narazılıqlarını ifadə edir.

Londonda Kral kollecində mühazirəçi Bill Park deyir ki, Türkiyədə hazırda qalan o biri 50 faizdən söhbət gedir.

Bill Park: “Bu, hakim partiyaya səs verməyib indi öz narazılığını ifadə edən əhalinin qalan 50 faizidir.”

İslamçı meyllərin artması və bəzi təhlilçilərin dediyi kimi, hökumətin əhalinin qalan dünyəvi hissəsinə əhəmiyyət verməməsindən irəli gələn narazılıq ölkə boyu ifadə edilir.

Baş nazir Rəcəp Tayyib Ərdoğan Şimali Afrikaya səfərindən öncə nümayişlərin “ekstremist elementlər” tərəfindən idarə edildiyi deyərək, qayıdacağı zaman etirazların dayanacağını bildirmişdi.

Lakin insanlar hələ də küçələrdən çəkilmir.

Bill Park:”Burada Türkiynin ürəyinə hakim kəsilmək məsələsi deyil, iki ruhun rəqabət aparmasından söhbət gedir. Əsas məsələ də ondan ibarətdir ki, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq siyasi iştirak təmin edilməlidir.”

Ekspertlərin fikrincə, Türkiyədə hakimiyyətdə kim olursa-olsun müxalifətə tolerantlıq ənənəsi yoxdur. Lakin nümayişlərin davam etməsi, nə baş nazirin konstitusiyanı dəyişdirmək və hakimiyyətini gücləndirməsinə, nə də Türkiyənin Avropa İttifaqına üzvlüyü səylərinə kömək etməyəcək. Professor Park deyib ki, vəziyyətdən ən yaxşı çıxış yolu baş nazirin ətrafında olan insanların onu siyasi qütbləşməyə son qoymaq və opponentlərin narahatlıqlarını konstruktiv bir yolla ünvanlamağa razı salmaqdan ibarətdir.
XS
SM
MD
LG