Accessibility links

Türkiyənin cənub-şərq regionunda PKK qrupunun yaraqlıları ilə döyüşlər zamanı səkkiz türk əsgəri və altı yaraqlı həlak olub. Bu barədə Türkiyə Ordusunun yaydığı bəyanatda məlumat verilir.

Bu gün Hakkari vilayətində baş qaldıran döyüşlərdə altı əsgər həlak olub, səkkizi isə yaralanıb. Daha sonra əraziyə göndərilən hərbi vertolyot texniki nasazlıq səbəbiylə qəzaya uğrayıb. Hadisə zamanı iki əsgər həlak olub.

Bu arada Daxili İşlər Nazirliyinin məlumatına əsasən bomba düzəltməkdə şübhəli bilinən dörd şəxs Diyarbəkirdə öldürülüb.

Təhlükəsizlik qüvvələri bildirib ki, PKK yaraqlıları yük maşınına partlayıcıları yerləşdirərkən partlayış baş verib.

Axşam saatlarında İstanbulda yerləşən hərbi baza yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı yeddi nəfər xəsarət alıb.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Ankara və kürd separatçıları arasında iki il davam edən atəşkəsdən sonra Türkiyə qüvvələri və PKK arasında 2015-ci ilin iyul ayından gərginlik getdikçə artıb.

XS
SM
MD
LG