Accessibility links

Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası prezident sisteminin gücləndirilməsini təbliğ etdiyi bir vaxt yeni sorğu prezidentin xarici siyasətdə rolunun artırılmasına dəstəyin artdığını göstərir.

Istanbulun Kadir Has universitetinin keçirdiyi yeni sorğuda respondentlərin 28,4 faizi Ankaranın xarici siyasətinin müəyyənləşməsində prezidentin aparıcı rol oynadığını bildirib. Bu, 2013-cü ildə keçirilmiş sorğunun göstəriciləri ilə müqayisədə 7,7 faiz daha çoxdur.

Mayın 27-də açıqlanmış yeni sorğuda əvvəlki sorğu ilə müqayisədə xarici siyasət kursunun müəyyənləşməsində hökumət və baş nazirin roluna daha az əhəmiyyət verilib. 2013-cü illə müqayisədə baş nazirin roluna əhəmiyyət verən respondentlərin sayı 30 faizdən 20 faizə enib.

Eyni zamanda, prezidentin xarici siyasətdə daha aktiv roluna dəstək verən respondentlərin sayı artıb. Respondentlərin 41,9 faizi prezidentin xarici siyasətdə daha aktiv rol oynamasının tərəfdarıdır.

Bununla belə, “Xarici siyasətdə kim fəaldır” sualına cavab verən respondentlərin əksəriyyəti belə görünür, baş nazir Əhməd Davutoğlunun əvvəl xarici işlər naziri olduğu üçün “baş nazir” cavabını veriblər.

Respondentlərin 45,5 faizi Türkiyəni “islam dövləti” kimi səciyyələndirib. 2013-cü ildə respondentlərin 37 faizi belə düşünürdü. Respondentlərin 26,4 faizi Türkiyəni Avropa ölkəsi, 20,3 faizi isə Yaxın Şərqin ölkəsi hesab etdiyini deyib.

Sorğuya əsasən, Suriyada vəziyyət Türkiyə xarici siyasətində başlıca məsələ oalraq qalır. Respondentlərin 20 faizi Suriyanı birinci yerdə göstərib. 2013-cü ildə bu rəqəm 65,5 faiz təşkil edirdi.

Suriya qaçqınlarına gəldikdə, respondentlərin 36,3 faizi Türkiyənin qaçqınları bundan sonra qəbul etməli olmadığını deyib. Respondentlərin 15 faizi isə hesab edir ki, Türkiyə yeni gələn qaçqınları qəbul etməlidir, lakin əvvəl gələnlər geri qaytarılmalıdır. Sorğu iştirakçılarının yalnız 21 faizi qaçqınların sayından asılı olmayarq, Türkiyənin onlara sığınacaq verməyə davam etməli olduğunu düşünür.

Türkiyənin dostları ilə bağlı sualı cavablandıran respondentlərin 38,9 faizi ölkənin “dostu olmadığını” deyib

Lakin sorğuda Azərbaycana müsbət münasibətin artdığı müşahidə edilir. Belə ki, respondentlərin 37,5 faizi Azərbaycanın Türkiyənin ən yaxın dostu olduğunu bildirib.

Respondentlərin 22 faizinin fikrincə, Türkiyə xarici siyasətini müstəqil olaraq müəyyənləşdirməlidir. Türkiyənin başqa müsəlman ölkələrlə bərabər şəkildə hərəkət etməli olduğunu deyənlərin sayı isə artaraq, 2013-cü ildən 12,5 faizlə müqayisədə 19,5 faiz olub.

Respondentlər arasında Avropa İttifaqına üzvlük məsələsində dəstəyin azaldığı müşahidə edilir. Türklərin yalnız 42,4 faizi Türkiyənin Avropa İttifaqına üzv olmaq istədiyini deyib. 2013-cü ildə bu göstərici 47,5 təşkil edirdi.

Sorğu iştirakçılarının 33,6 faizi Türkiyənin İsrail-Fələstin münaqişəsində aktiv vasitəçilik etməsini arzulayır, 39,1 faizi isə ölkənin qətiyyən münaqişəyə müdaxilə etməməli olduğunu bildirir.

Türkiyənin digər müsəlman ölkələri üçün model ola bilməsin məsələsində respondentlərin 68,1 faizi birmənalı şəkildə müsbət rəy bildirib.

XS
SM
MD
LG