Accessibility links

Türkiyə siyasətçiləri: Suriyaya hərbi müdaxilə mümkün ola bilər [Təhlil]


.

.

Türkiyənin siyasi liderləri Suriyada baş verən hadisələri müdaxilə etmədən kənardan izləməyəkclərini bildiriblər. Lakin hərbi təhlilçilər deyir ki, hər hansı hərbi müdaxilə xüsusilə də Rusiya hərbi qüvvələrinin Suriyada fəal olduğu bir vaxt ciddi risklər daşıyır.

Türkiyə ordusu bazar ertəsi günü Suriya kürd qüvvələri PYG-nin mövqelərini bir-birinin ardınca üçüncü gündür atəşə tutduğunu təsdiq edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu.

Türkiyənin baş naziri Əhməd Davudoğlu.

Baş nazir Əhməd Davudoğlu Ukraynaya səfər əsnasında PYG daha geniş əraziləri ələ keçirməyə davam etdirsə, ciddi cavabla üzləşəcəyinə dair xəbərdarlıq edib.

Ankara PYG-nin Türkiyədə təhlükəsizlik qüvvələrinə qarşı döyüşən PKK terrorçu qrupu ilə əlaqəsi olduğunu iddia edir.

PYG Suriyanın Türkiyə sərhəddinə yaxın kürdlərin nəzarətində olan ərazisində döyüşləri davam etdirir.

Suriyanın kürd liderlərinin Ankaranın xəbərdarlığını rədd etməsi ilə Türkiyə hələlik əraziyə hərbi müdaxiləni istisna etmir. Buna baxmayaraq təqaüddə olan general Haldun Solmaztürk deyir ki, hər hansı bir hərbi müdaxilə çox təhlükəli ola bilər.

Haldun Solmaztürk: “Əsas hərbi risk Rusiya hərbi qüvvələri ilə münaqişədən ibarətdir və bu, qaçılmazdır. Suriya hökumət qüvvələri ilə yanaşı, bəzi kürd qruplar və İŞİD da həmçinin müqavimət göstərəcək. Demək istədiyim budur ki, burada çoxlu risk var. Hazırda Suriya hərbi müdaxilə üçün ən mürəkkəb zonadır.”

Noyabr ayında Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasından sonra Moskva Suriyada əməliyyatlara cəlb olunmuş hərbi və döyüş təyyarələrini dəstəkləmək üçün təkmilləşdirilmiş hava müdafiə sistemi qurub.

Beynəlxalq əlaqələr üzrə ekspert Soli Özel deyir ki, Türkiyənin müdaxiləsinə ən çox sevinən Rusiya prezidenti Vladimir Putin ola bilər.

Fikrimcə, ruslar Türkiyənin bu addımı atmasını gözləyir. Putin Türkiyəni vurulan hərbi təyyarəyə görə cəzalandırmaq istəyir

Soli Özel: “Fikrimcə, ruslar Türkiyənin bu addımı atmasını gözləyir. Putin Türkiyəni vurulan hərbi təyyarəyə görə cəzalandırmaq istəyir.”

Türkiyə mətbuatı hərbi liderlərə istinadən bildirir ki, Türkiyə qanunlarına görə Suriyaya hərbi müdaxilənin BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılması nəzərdə tutulur.

Müşahidəçilərin fikrincə, Türkiyə bu qanunu İslam Dövləti qrupu ilə mübarizəni əsas göstərərək ötə bilər. Lakin Özel deyir ki, daxili təhlükəsizliklə bağlı narahatlıqlar Türkiyənin Suriyaya hərbi qüvvə göndərməsinin qarşısını ala bilər.

Soli Özel: “Əgər hökumət təkid edərsə, bu baş verəcək. Lakin hökumət aydın səbəblər üzündən bunu etməyə meylli olmayan hərbi qüvvələrə təziq göstərəcəkmi? Xüsusilə də hərbi qüvvələrin ölkə daxilində hökumətin əsas prioritetlərindən biri olan PKK qüvvələrinə qarşı mübarizə apardığı bir vaxt.”

Türkiyənin əsas etibarilə kürdlərin yaşadığı şəhər və kəndlərdə PKK qüvvələrinə qarşı hərbi əməliyyatları davam edir. PKK döyüşçülərinin bahar aylarında qışda gizləndikləri yerlərdən çıxıb region boyu hücumları genişləndirəcəyi gözlənilir.

XS
SM
MD
LG