Accessibility links

Türkiyə Suriya sərhədində əsgərlərini səfərbər edib


Türkiyə prezidenti Rəcəb Tayyib Əroğan İslam Dövləti tərəfindən həyata keçirilən raket hücumlarının qarşısını almaq üçün Türkiyə ordusunun Suriyaya müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edib. Lakin tənqidçilər iddia edir ki, Ərdoğanın müdaxilədəki əsl prioriteti PKK-ya bağlı olmaqda ittiham olunan Suriya kürd qüvvələrini hədəf almaqdır. Ekspertlər xəbərdarlıq edir ki, hər hansı hərbi müdaxilə üçün digər ölkələrin əməkdaşlığı lazımdır, çünki əks halda bu, hərbi qarşıdurmaya gətirib çıxara bilər.

Son həftələr ərzində Türkiyə ordusu Suriya sərhədində zireh və əsgər yerləşdirib. Orada İŞİD Türkiyənin Kilis şəhərinə raketlər atırdı. Kilis şəhəri hazırda Suriyanın İslam Dövləti qrupunun nəzarəti altında olan ərazisi ilə sərhəddə yerləşir.

İslam Dövlətinin hücumlarına cavab olaraq, prezident Ərdoğan bildirib ki, Türkiyənin silahlı qüvvələri İslam Dövləti qrupu ilə atəş mübadiləsindən sonra sərhədin Suriya tərəfini “təmizləməyə” hazırlaşır.

Ancaq Türkiyənin Cumhuriyet qəzeti və Al Monitor vebsaytının siyasi köşə yazarı Kadri Gürsel hərbi müdaxilənin İŞİD-i hədəfləməyəcəyini deyir.

“Ərdoğanın prioriteti heç bir zaman İŞİD olmayıb. Əsas hədəf Suriya kürdləridir. O, PKK-nın ideoloji qolu olan PYD-nin (bu iki təşkilat arasında güclü əlaqələr var), yəni suriyalı kürdlərin irəliləmələrinin qarşısını almaq istəyir”.

PKK daha çox haqlar əldə etmək üçün Türkiyə dövlətinə qarşı mübarizə aparır. Qrupun döyüşçüləri ciddi irəliləyişlər əldə edən Suriya kürdlərindən ibarət PYD-ni dəstəkləyir. Suriya sərhədində sadəcə kiçik bir ərazi onların nəzarətindən kənar qalıb.

Global Source Partners-dən Türkiyə siyasəti üzrə məsləhətçi Atilla Yeşiladanın dediyinə görə, PYD-nin bu irəliləyişləri onu göstərir ki, Ərdoğanın xəbərdarlıqları ciddi qəbul edilməlidir.

“Fikrimcə, Ərdoğan və Türkiyə ordu heyətinin rəhbərləri Suriyada kürd dövlətinin yaranmasına qarşı Rusiyanın Türkiyə qüvvələrinə qarşı hücumunun risklərini qiymətləndirir. Məncə bu intihar missiyasıdır, çünki biz Suriyaya müdaxilə etsək, ruslar Türkiyə ordusunu bombalaya bilər.”

Noyabr ayında Türkiyənin qırıcı təyyarələrinin Suriyadakı hərbi bazadan fəaliyyət göstərən Rusiya bombardmançısını vurmasından sonra, Moskva Suriyaya daha çox təkmilləşdirilmiş zenit-raket sistemi göndərib.

Bu sistem indiyədək Türkiyə döyüşçülərinin Suriyanın hava məkanına daxil olmasının qarşısını alıb. Amma bu ayın əvvəli mətbuatda çıxan məlumatlara görə, Türkiyənin xüsusi qüvvələri Moskvanın icazəsi ilə sərhədi keçərək İslam Dövləti qrupuna qarşı əməliyyatlar həyata keçirib.

Türkiyənin təqaüddə olan briqada komandiri Haldun Solmaztürk xəbərdarlıq edir ki, Suriyaya hər hansı bir müdaxilə ciddi bir şəkildə planlaşdırılmalıdır və irəliləyişin əldə ediləcəyi təmin edilməlidir.

"Hava, quru, xüsusi qüvvələr… müdaxilə çox çətin olacaq və tam müqavimət gücü, eləcə də böyük imkanlar tələb edəcək. Hər hansı bir hərbi əməliyyat zamanı, arxa ərazini qoruya bilməlisən. Bu mühümdür. Hazırkı vəziyyətdə isə Türkiyədəki arxa ərazidə iğtişaş yaşanır. Regionda PKK ilə münaqişələr heç də nəzarət altına alınmayıb."

Cümə günü PKK üsyançıları ilə döyüşdə azı səkkiz Türkiyə əsgəri öldürülüb. Onlardan ikisi hərbi əməliyyat zamanı vertolyotun qəzaya uğraması nəticəsində həlak olub. Ordu və üsyançılar arasında gərginlik artmağa davam edir. Son bir neçə ay ərzində isə hər iki tərəfdən yüzlərlə insan həlak olub. Müşahidəçilər xəbərdarlıq edir ki, Suriyaya suriyalı kürdləri də hədəf alan hər hansı bir müdaxilə PKK əməliyyatlarının artmasına və nəticədə Türkiyə ordusunun iki cəbhədə müharibə aparmasına səbəb ola bilər.

XS
SM
MD
LG