Accessibility links

Türkiyədəki siyasi böhran iqtisadiyyata necə təsir edir [Təhlil]


Türkiyə korrupsiya ittihamları ilə bağlı ədliyyə sistemi ilə hökumət arasında dərinləşən siyasi böhran ölkənin birja bazarı və valyutasına təsir edib. Bu, maliyyə və iqtisadi tənəzzülə dair narahatlıqlara yol açıb.

Türkiyədə hökumətlə maliyyə sistemi arasında rüşvətlə bağlı artan kəskin mübarizə ölkənin maliyyə bazarlarına ağır zərbə vurmaqdadır. Belə ki, ölkənin birja bazarı 20 faiz aşağı düşüb, türk lirəsi isə ən aşağı səviyyəsinə enib.

İstanbuldakı siyasi konsaltinq şirkəti - Qlobal Mənbə Tərəfdaşlarının analitiki Atilla Yeşilada deyir ki, bunun tam təsiri maliyyə bazarları Yeni İl bayramı periodundan geri dönəndən sonra hiss edilməyə başlayacaq.

“Yanvarda və ondan sonra dünya bank və investisiya icması öz masaları arxasına qayıdacaq və Türkiyədəki bu vəziyyətlə bağlı qərar verməyə çalışacaq. Bu böhranda dönüş nöqtəsi olmasa, təxmin edirəm ki, çoxlu makro fondlar satıla bilər. Biz çıxış yolunu görə bilmirik: Bu necə qurtaracaq? Yenə heç kəs etibarlı ssenari təxmin edə bilməz” - deyə Atilla Yeşilada bildirir.

Türkiyədə rüşvət sorğusu ölkədə hökumətə qarşı qaldırılan ən böyük korrupsiya ittihamlarından biridir.

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, rüşvət təhqiqatı onun hökumətinə son qoymaq planının tərkib hissəsidir. İstanbuldakı Finans Bankın baş iqtisadçısı İnan Dəmirin sözlərinə görə, siyasi böhran bundan daha pis vaxtı yaşana bilməzdi.

“İnvestorlar kredit faizlərini daha əvvəlki kimi aşağı olmayacağı dünyada Türkiyənin xarici maliyyə vəziyyəti barədə artıq narahat olmağa başlamışdı və ölkədə artan siyasi təhlükə bu problemlərə yol açmışdı. Ancaq son ildə ölkədə siyasi sabitlik olduğu üçün iqtisadi vəziyyət də normallaşmışdı” - deyə İnan Dəmir vurğulayır.

Müşahidəçilər xəbərdarlıq edir ki, beynəlxalq aləmdə Türkiyəyə qarşı münasibətin dəyişməsi artan təzyiqlə üzləşən Türk lirəsinə daha ciddi təsir göstərə bilər. Onsuz da Türk lirəsi hazırda ən aşağı göstəricilərindədir. Analitik Yeşilada deyir ki, bu, şirkətlərin xarici valyutalarla borc götürməsi ilə Türkiyə iqtisadiyyatına zərbə vura bilər.

“Lirənin devaluasiyası səbəbilə onların dollarla və avro ilə maliyyə xərcləri çoxalacaq. Nağd pul axınında kütləvi sıxılma yaşanacaq. İqtisadi təsir qaçılmazdır. Böhran davam etdikcə bu, daha qorxulu vəziyyət alacaq” - deyə ekspert xəbərdarlıq edir.

AKP-nin 10 ildən çoxdur davam edən hakimiyyəti Türkiyənin ümumdaxili məhsulunun 3 dəfə artması ilə gözlənilməz inkişafa yol açmışdı.

Ancaq iqtisadçı Dəmir deyir ki, bugünkü vəziyyət artıq belə günlərin sonu ola bilər.

"Hökumət son 10 ildə qeydə alınan güclü artımdan lazımınca yararlanıb. Xüsusilə seçki ilində iqtisadi artımda belə bir tənəzzül hökumətin istəmədiyi bir şeydir" - deyə İnan Dəmir bildirir.

Müşahidəçilər deyir ki, iqtisadiyyatın vəziyyəti hökumətin gələcəyi, onun hüquqi problemləri qədər həlledici rol oynayır. Martda yerli seçkilər keçirilməlidir. Həmin seçkilərdə baş nazir öz hökumətinə dair referendum keçirməyə çalışacaq. 2014-cü ildə president seçkilərinin də keçirilməsi planlaşdırılıb və cənab Ərdoğanın da namizədliyinin irəli sürüləcəyi gözlənilir.
XS
SM
MD
LG