Accessibility links

Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycana cavab verib


Caspian Sea

Caspian Sea

Türkmənistan Xarici İşlər Nazirliyi bu ölkənin səfiri Toyli Komekovun Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması və xarici işlər nazirinin müavini Xələf Xələfovla söhbət etməsi ilə bağlı məlumat yayıb.

Türkmənistan Xarici İşlər Nazirliyi bildirir ki, 2012-ci il iyunun 16-da Xəzərin Azərbaycana aid olmayan sektorunda elmi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhəd xidməti tərəfindən qanunazidd hərəkətlərin həyata keçirilməsinə cəhdlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə diplomatik nota göndərilməsi də daxil olmaqla, Azərbaycan tərəfinə rəsmi qaydada qəti etiraz bildirilib. “Qeyd olunub ki, bu cür təxribatlar davam edərsə, adekvat cavab veriləcək”, - deyə Türkmənistan Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, söhbət Azərbaycan və Türkmənistan sektorlarının qovuşuğunda yerləşən “Kəpəz” yatağından (Türkmənistanın versiyasına görə” Sərdar”) gedir.

Türkmənistanın məlumatından belə çıxır ki, Azərbaycan sərhəd gəmisi Türkmənistan gəmisini həmin yerdən qovub. Ekspertlər hesab edir ki, bu hadisə iki ölkə arasında onsuz da yaxşı olmayan münasibətləri daha gərginləşdirə, dənizin dibi ilə Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin inşası ideyasına xələl gətirə bilər.

Xəbər verdiyimiz kimi, iyunun 18-də Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunub və xarici işlər nazirinin müavini cənab Xələf Xələfov tərəfindən qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bildirilib ki, 2008-ci ildə Azərbaycan və Türkmənistan prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər.

Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən “Kəpəz” yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir.

Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib, qeyd olunub ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.

XS
SM
MD
LG