Accessibility links

Qırğızıstanın ombustmanı Tursunbek Akun: vəziyyət stabilliyə doğru gedir


Qırğızıstanın ombustmanı Tursunbek Akun: vəziyyət stabilliyə doğru gedir

Qırğızıstanın ombustmanı Tursunbek Akun: vəziyyət stabilliyə doğru gedir

Qırğızıstan aviabazaya görə, Amerika dövlətindən böyük miqdarda icarə haqqı alır. Rusiyadan da sərfəli qiymət tələb edir.

Qırğızstan Respublikasının ombudsmanı Tursunbek Akun “Amerikanın səsi” radiosuna müsahibə verib. O ilk öncə Oş faciəsindən sonra ölkədə insan haqlarının durumundan danışıb. “Hadisələr zamanı həm qırğız, həm də özbək millətindən olan dörd yüzdən çox adam həlak olub. Belə bir halda insan haqları ağır durumdadır. Amma onu da qeyd edim ki, hazırda vəziyyət stabilləşməyə doğru gedir. Dörd günlük münaqişə nəticəsində 100 mindən çox insan qaçqın düşmüşdü və indi onların demək olar ki, hamısı geri, - evlərinə, yurdlarına dönüb. Hazırda mənzil tikintisi davam edir. Bu da sosial durumun yaxşılaşmasına və bölgədə ümumi durumun normallaşmasına təkan verir”.

Cənab Akun Qırğızıstanın məhkəmə sistemi ilə bağlı suala, - “mən deməzdim ki, bizdə məhkəmə sistemi azaddır”, - deyə cavab verib. “Məhkəmə sistemində böyük korrupsiya müşahidə edirik və bu günlərdə prezidentin sərəncamı ilə 30 hakim vəzifəsindən azad edilib. Oktyabrın 10-da keçiriləcək parlament seçkilərindən sonra hökumət məhkəmə sistemində islahatların keçirilməsini nəzərdə tutur”.

O Oş hadisələrini sosial münaqişə kimi xarakterizə edib. “Bu sosial münaqişədir və əhalinin ağır sosial durumundan qaynaqlanır. Əhali arasında danışırlar ki, hadisələrin arxasında xarici müdaxilə, ekstremistlər, beynəlxalq terrorçular, islam ekstremistləri, hətta Bakiyevin adamları durur. Amma bu söhbətlərin əsası yoxdur. Münaqişənin əsas səbəbi regionda özbəklərlə qırğızlar arasındakı sosial bərabərsizlikdir”.

“Qırğızıstan dünyanın yeganə ölkələrindəndir ki, Rusiya və Amerikanın hərbi bazalarının arasındakı məsafə 30 kilometrdən çox deyil və regionda bu qüvvələrin hər ikisini istəməyən dini ideologiyaya əsaslanan terrorçu hərəkat var. Bu amillər Oş hadisələrinin xarici amillərindən xəbər vermirmi?”, - sualının cavabında cənab Tursunbek Akun deyib ki, ölkədəki aviabazaların hadisələrə təsiri yoxdur və Qırğızıstanın hər iki ölkə ilə çox mehriban əlaqələri var. “Amerika dövləti aviabazanın istismarına görə, Qırğızıstana çox böyük məbləğdə icarə haqqı ödəyir. İndi məsələ qaldırmışıq ki, Rusiya da aviabazaya görə sərfəli qiymətlərlə icarə haqqı ödəsin. Qırğızıstan çox kasıb ölkədir və hərbi bazalara görə ödənilən vəsait bizə çox kömək edir. Eyni ilə də həmin ölkələr Qırğızıstanın daxili işlərinə qarışmır”.

O hüquq müdafiəçilərinin həbsi, ölkədən xaric edilməsi, “Amerikanın səsi” radiosunun müxbiri Əlişir Sahipovun qətlə yetirilməsi, Britaniya vətəndaşı Azərbaycan əsilli Vüqar Xəlilovun həbsinin səbəbləri ilə bağlı sualın cavabında deyib ki, Vüqar Xəlilovun həbsi əsassız idi. O sifarişlə həbs edilmişdi . “Qırğızıstanın Ombudsman Aparatı Vüqar Xəlilovla bağlı böyük işlər gördü və o sentyabrın 7-də həbsdən azad edildi. Məhkəmə ona qarşı irəli sürülən ittihamların hamısını rədd etdi. Bu da bir göstəricidir ki, Qırğızıstan məhkəməsi gec də olsa, hərdən bir doğru yol seçə bilir. O ki, qaldı “Korrupsiyaya qarşı” təşkilatın rəhbəri Tolikan İsmayılovun ölkədən xaricdə yaşamasına, ona artıq heç bir təhlükə yoxdur. Ola bilsin ki, vaxtı ilə cənab İsmayılova qarşı hüquq-müdafiə orqanları hədə qorxu gəlib, ancaq müvəqqəti hökumət ona nəzarət-təftiş sistemində yaxşı vəzifə təklif etdi. Buna baxmayaraq o, xaricdə yaşamağa üstünlük verdi. Ola bilsin ki, ona qarşı yenə də hədələr qalır, ancaq bu dövlətlə bağlı deyil. İsmayılov özbəklərin xeyrinə informasiyalar yayıb və ictimai rəyi özünə qarşı çevirib”.

Ombudsman “Amerikanın səsi” radiosunun müxbiri Əlişir Sahipovun qətlini çox faciəvi hadisə adlandırıb.“Əlişir Sahipovun qətlindən üç il keçir, çox faciəli ölüm idi. Jurnalistin atası çox ağır durumdadır. Onu öldürən adamı deyil, guya başqasını həbs ediblər. Buna görə də ata hər yerə şikayət edir. Ombudsman Aparatı da bununla bağlı müvafiq orqanlara müraciət edib. İstintaq ciddi səhvlərə yol verib və buna görə də cinayət işi hələ başa çatdırılmayıb”.

Ombudsman jurnalistin həqiqəti yazdığına görə qətlə yetirildiyi qənaətindədir. “Əlişir Sahipov birmənalı təmiz, çox prinsipial və həqiqəti yazan jurnalist idi. Məhz buna görə o qətlə yetirildi”, - deyə o qeyd edib.

Cənab Akun bildirib ki, parlament seçkilərindən sonra Qırğızıstan Türkiyədən sonra ikinci türkdilli parlamentli respublika olacaq. “Müstəqillik dövründə iki prezidentin idarəetmə sistemini gördük və artıq hər ikisi ölkəni ağır vəziyyətdə qoyub xaricə qaçıb. Hesab edirik ki, parlamentli respublikada icraedici, qanunverici və məhkəmə sistemi bir-birinə daha səmərəli nəzarət edəcək. Bu isə insan haqlarının qorunmasına təkan verəcək”, - deyə cənab Akun vurğulayıb.

XS
SM
MD
LG