Accessibility links

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - Azərbaycanda vəziyyət necədir?


usaqlar

usaqlar

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu (ADİHİ) 1 İyun 2014-cü il tarixli hesabatına görə, uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Azərbaycanda uşaqların sayı təxminən 3 milyondur. Təxminən 1 milyon qaçqın və məcburi köçkündən 300 000-i uşaqdır.
"Ölkənin zəngin sərvətləri fonunda səhiyyə sahəsində, xüsusilə yoxsul ailələrdən olan az yaşlı körpələr arasında müşahidə olunan ölüm hallarının geniş yayılması problem olaraq qalır" - deyə hesabatda bildirilir.

Uşaqların müdafiəsi ilə bağlı bir çox məsələlər özünü kəskin şəkildə büruzə verir. ADİHİ-ni narahat edən məsələlərdən biri də müəssisələrdə yaşayan uşaqların sayı ilə bağlıdır: "Biz onlara münasibətdə “sosial kimsəsizlər” terminini istifadə edirik, çünki insanlar müəssisələri kimsəsizlər evi sayırlar, lakin orada yaşayan uşaqların əksəriyyətinin bir və ya hər iki valideyni var".

Təhsil sahəsində özündə məktəb idarəçiliyini, müəllimlərin təlimləndirilməsini, yeni kurrikulumu, valideyn-müəllim assosiasiyalarını ehtiva edən “məktəb uşağın dostu” konsepsiyasının tətbiq olunduğu ibtidai-ali təhsil müəssisələri üçün təhsil sisteminin təkmilləşdirilməsi və məktəb mühitinin sağlamlaşdırılması sahəsində müvafiq addımlar atılmalıdır.

Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə cəlb edilməsidir. Azərbaycanda əsasən paytaxt küçələrində, gül, satan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast gəlinir: "Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, ailədə yaşayanların hüquqlarının qorunmasıyla bağlı da problemlər az deyil. Ölən uşaqların statistikası yoxdur, intihar edənlərin də dəqiq statistikası aparılmır. 2004-cü ildə 35 uşağın özünə qəsd etməsi məlumdur. Ancaq nə səbəbə, bəlli deyil".
Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir . Onların himayəsində təxminən 20 mindən çox uşaq var. 5000 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur. Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir.
Ümumilikdə isə uşaqların hüquqlarından yalnız bir gün danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır.
XS
SM
MD
LG