Accessibility links

Şuşadakı Gövhər Ağa məscidi və Bakıda erməni kilsəsi bərpa ediləcək


Bakı sammiti - 27 Aprel 2010

Bakı sammiti - 27 Aprel 2010

Dünya dini liderlərinin Bakı sammiti yekun bəyannamənin qəbulu ilə başa çatıb. Sammitdə 35 ölkədən xristian, müsəlman, yəhudi, buddist və induist dinlərinin 250 lideri, o cümlədən ümumrusiya patriarxı Kiril və erməni katolikosu II Qaregin iştirak edib.

Sənəddə deyilir ki, qloballaşma dövlətlərin, xalqların və fərdlərin təhlükəsizliyi üçün təhdidləri aradan qaldırmayıb. “Müasir dünyamızda ötən əsrlərdən miras qalan aclıq, sosial qeyri-bərabərlik, ətraf mühitin çirklənməsi, milli-dini zəmində silahlı münaqişələr kimi problemlər hələ də həllini tapmayıb. Əksinə bu problemlərə yeniləri əlavə olunub”.

Dini liderlər hesab edir ki, əvvəllər ayrı-ayrı regionları təhdid edən terrorizm artıq beynəlxalq xarakter almaqdadır və onunla mübarizə xeyli çətinləşib. “Buna görə də bir çox ölkələrdə nasist ideyalar qadağan olunduğu kimi, dinc insanlara qarşı zorakılığa haqq qazandıran dini-siyasi doktrinalar da qadağan edilməlidir. Dünya üçün ən böyük təhlükələrdən biri də hər il milyonlarla insanın həyatına son qoyan narkomaniya problemidir. Terrorçuluqla olduğu kimi, narkotik maddələr ticarətinə qarşı da mübarizə ardıcıl, amansız xarakter daşımalı və bütün dünya ictimaiyyətinin gücü ilə aparılmalıdır”.
Sənəddə işğalçılıq probleminə də toxunulur. “Hər bir ölkənin ərazi bütövlüyü qorunmalı, eyni zamanda, hər bir xalq azad şəkildə inkişaf etməli, öz taleyi ilə bağlı bütün beynəlxalq qərarların qəbulunda iştirak etməlidir. Meydana çıxan münaqişələr ədalətli, beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmalıdır”.

Sammitin özəlliyindən biri də Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək ilk dəfə erməni dini rəhbərinin Bakıya səfər etməsidir.

Ermənilərin katolikosu İİ Qaregin prezident İlham Əliyev tərəfindən qəbul edilib. O həmçinin Bakıdakı erməni kilsəsinə baş çəkib.

Yerli medianın yazdığına görə, Bakıdakı erməni kilsəsinin və Azərbaycanın işğal altında olan Şuşa şəhərindəki “Gövhər Ağa” məscidinin bərpası ilə bağlı Azərbaycan və Ermənistan dini liderləri arasında razılıq əldə edilib.

XS
SM
MD
LG