Accessibility links

Ukraynanın paytaxtında dünən və keçən gecə nümayişçilərin polislə qarşıdurması zamanı azı 25 nəfərin ölümündən sonra bu gün Meydanda minlərlə insan qalıb. Bu, son üç ay ərzində keçirilən nümayişlərin ən zorakısı olub. Ukrayna prezidenti Viktor Yanukoviç zorakılıqlarda müxalifət liderlərini günahlandırıb.

Polis və müxalifət nümayəndələri dünən yol verilən zorakılıqlar zamanı ölənlərinin çoxunun güllə ilə vurulduğunu bildirib. Ölənlərdən doqquzunun polis zabiti olduğu deyilir.

Avropa Birliyi rəsmiləri Ukrayna hökumətini zorakılıqlarda əli olanlara qarşı ittihamlar irəli sürülüb-sürülməyəcəyi ilə bağlı müzakirələr aparmaq üçün təcili yığıncaq keçirməyə çağırıb.

Fransa və Almaniya Ukraynada baş verənlərə qarşı eyni mövqedən çıxış edir. Bu gün Almaniya kansleri Angela Merkellə Parisdə keçirdiyi mətbuat konfransı zamanı Fransa prezidenti Fransua Olland Ukrayna hadisələrində məsuliyyət daşıyanların tez bir zamanda qanun qarşısına çıxarılmalı olduqlarını deyib. Fransa prezidenti baş verənlərin qəbuledilməz olduğunu deyib.

Rusiyada isə Kremlin sözçüsü Dmitri Peskov Ukrayna hadisələrini çevrilişə cəhd kimi qiymətləndirib.
XS
SM
MD
LG