Accessibility links

Ukrayna qüvvələri ilə separatistlər arasında şiddətli döyüşlər gedir


Ukrayna qüvvələri ilə rusiyapərəst separatistlər arasında şiddətli döyüşlər gedir.

Reuters-in bildirdiyinə görə, Luqansk və Donetsk şəhərlərində 9 adam öldürülüb.

Dünən beynəlxalq təhqiqatçılar Malayziya təyyarəsinin vurulması nəticəsində həlak olanların cəsədlərini toplayıb.Cəsədlər Xarkov şəhərindən Hollandiyaya daşınacaq.

Hollandiya və Avstraliyanın 70 nəfərlik komandası 20 kvadrat metrlik sahədə təhqiqat aparıb. Döyüşlərə görə əməliyyatlar dayandırılmalı olub.

Ukraynada böhranla bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparan ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynanın şərqində separatçılara dəstəyi artırması barədə ciddi narahatlığını yenidən dilə gətirib.

Ağ Ev bildirib ki, prezident Obama böhranın diplomatik həlli üçün yenidən səy göstərib və iki lider kommunikasiya kanallarının açıq saxlanması barədə razılığa gəlib.

Bəyanatda deyilir ki, cənab Obama Rusiyanın 1987-ci il sazişini pozması barədə dərin narahatlığını ifadə edib. Vaşinqton bildirir ki, Moskva ortamənzilli ballistik raketlər sazişini pozub.

Kremlin məlumatına görə, cənab Putin telefonda ABŞ prezidentinə deyib ki, Rusiyaya qarşı tətbiq edilən son sanksiyalar əks-effekt verəcək və ikitərəfli əlaqələrlə yanaşı beynəlxalq sabitliyə də ciddi zərbə vuracaq.

XS
SM
MD
LG