Accessibility links

Donetsk sakinləri qeyri-müəyyən gələcəklə üzləşir [Video]


Ukraynanın şərqində davam edən döyüşlərin sülh razılığına təhlükə yaratdığı bir vaxt silahlı qarşıdurmanın cəngində olan mülki vətəndaşlar müharibədən beziblər. Rusiya tərəfdarı üsyançıların nəzarətində olan ərazilərin sakinlərinin baş verənlərə görə Kiyevi günahlandırmasına baxmayaraq, onların çoxu Ukraynanı tərk etmək istəmir və məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.

Donetsk sakini Yekaterina gecə yatdığı yerdə dəhlizdən gurultu səsi gəldiyini deyir. O, qumbaraların tez-tez hər iki tərəfə atıldığını və evinə düşən qumbaranı kimin atdığını bilmədiyini deyir. “Mən bu kiçik evdə necə yaşaya bilərəm, necə sağ qala bilərəm? Mənim zirzəmim də yoxdur.”

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, yaxınlıqdakı ticarət mərkəzi hələ də tüstülənməkdədir. Donetskin şimalında, dəmir yolu vağzalının yaxınlığında yaşayanlar buranın hər gecə qumbara hücumlarına məruz qaldığını deyir. Lakin Yekaterina kimi bəzi sakinlər evlərini tərk etmək istəmir. “Mən ac qalmağa da razıyam, yalnız onlar atəş açmasın. Mən bombardmandan deyil, öz əcəlimlə ölmək istəyirəm.”

Şəhərin digər bölgəsində isə sakinlər yerin altında özləri inşa etdikləri sığınacaqda yerləşib. Baba Maşa ailəsi ilə birlikdə keçən ilin noyabr ayından, qumbaranın onun qonşusunun evini dağıtmasından, onların isə pəncərələrini sindırmasından sonra burada yaşayır. “Mən yaxın zamanda evimizə dönəcəyimizə ümid edirəm. Müharibə olmasaydı biz heç burada yaşayardıq?”

İra Batura deyir ki, bu bunkerdə yaşayanlardan 28-i uşaqdır və bəzən burada su və elektrik olmur. “Bizə dedilər artıq heç bir barışıq olmayacaq, Biz bundan sonra nə olacağını bilmirik və sadəcə oturub gözləyirik.”

Kiyevin və Qərb hökumətlərinin Rusiyanın münaqişəni qızışdırdığını deməsinə baxmayaraq, Batura bütün baş verənlərdə Petro Poroşenkonun məsuliyyət daşıdığını deyir. O, bundan sonra Kiyevə inanacağını düşünmədiyini deyir. “Hansı inamdan danışmaq olar? Hansı dövlətdən? Hər şey dağıldı. Daha dövlət yoxdur. Mən kiminsə hər şeyi əvvəlcə olduğu vəziyyətə salacağına inanmıram. Bunu etmək mümkün deyil, çünki insanlar buraya lənət oxunub.”

Batura deyir ki, siyasi razılıq olduğu təqdirdə o, Ukraynanın tərkibində qalmaq istəyərdi. “Əgər onlar atəşi dayandırıb sülhü bərpa etsələr, insanlar bunu qəbul edər.”

Lakin Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) atəşkəsin pozulduğunu və sülhə dair perspektivlərin çətinləşdiyini deyir.

XS
SM
MD
LG