Accessibility links

Ukrayna, Rusiya, Fransa və Almaniyanın liderləri Ukraynanın şərqində şiddətli döyüşlərin davam etdiyi vaxt böhrana son qoyulmasını müzakirə etmək üçün Minskdə keçirilən zirvə toplantısında bir araya gəliblər.

Separatçı qrupun rəsmiləri və təcili yardım işçilərinin bildirdiyinə görə, Donetsk şəhərində raketin yanacaq stansiyasına düşməsi nəticəsində azı iki nəfər həyatını itirib. Ordu rəsmisi həmçinin deyib ki, rusiyapərəst separatçıların Debaltsevo şəhərinə hücumu nəticəsində 19 əsgər öldürülüb və 78 nəfər isə yaralanıb.

Liderlərin görüşündən əvvəl Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, Ukrayna və Avropa İttifaqı eyni mövqedən çıxış edəcək. O, görüşün rusiyapərəst separatçılar və hərbi qüvvələr arasında gedən döyüşlərin dayandırılması üçün son imkanlardan biri olduğunu deyib.

Cənab Poroşenko münaqişənin davam edəcəyi təqdirdə ölkədə hərbi vəziyyət elan edəcəyini bildirib.

Bu arada, ABŞ hərbi qüvvələrinin Avropada komandiri deyib ki, Rusiya hərbi qüvvələri Debaltsevo ərazisində gedən döyüşlərdə birbaşa iştirak edir.

Ağ Evdən verilən məlumata əsasən, ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində onu Ukraynada sülhü dəstəkləməyə çağırıb.

XS
SM
MD
LG