Accessibility links

Ukrayna: Hökumət binalarının ələ keçirilməsinin arxasında Rusiya dayanır [Yenilənib]


Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanı ölkəsinin şərqindəki etiraz nümayişləri də daxil olmaqla, şəhərlərdəki hökumət binalarının ələ keçirilməsini dəstəkləməkdə təqsirləndirib.

Bu gün Kiyevdə Kabinetin növbədənkənar iclasını keçirən Yatsenyuk ölkənin şərq vilayətlərində hökumət binalarının ələ keçirilməsinin arxasında Rusiya hökumətinin dayandığını deyib.

Donetsk, Luqansk və Xarkov şəhərlərində etirazlar bu gün də davam edib.

Maskalı etirazçıların partlayıcı fişənglər atdığı və iğtişaş polisinə müqavimət göstərdiyi Luqansk şəhərində nümayişçilər yürüş keçirib.

Əllərində “Ukrayna Rusiyadır” şüarı yazılmış plakatlarla yürüyən kütlə şəhərlərdə Rusiyanın tərkibinə keçmə və ya Ukraynanın tərkibində qalmağa dair referendum keçirilməsini tələb edib. Ötən ay buna bənzər referendum Krımda keçirilmişdi.

Baş nazir Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsi məlumatının həqiqət olmadığını və Rusiya qoşunlarının sərhəddən 30 kilometr məsafədə qərərgahlaşdığını deyib.

Ukraynalı rəsmilər Rusiya prezidenti Vladimir Putin və hakimiyyətdən devrilmiş prezident Viktor Yanukoviçi şərqdə baş qaldıran iğtişaşları qızışdırmaqda və maliyyələşdirməkdə təqsirləndirir.
XS
SM
MD
LG