Accessibility links

Ukraynanın keçmiş prezidenti jurnalistin qətlində şübhəli bilinir


Ukraynanın keçmiş prezidenti jurnalistin qətlində şübhəli bilinir
Ukraynanın keçmiş prezidenti jurnalistin qətlində şübhəli bilinir

Ukrayna prokurorluğu Leonid Kuçmanın jurnalistin qətlinin həyata keçirilməsi üçün keçmiş daxili işlər naziri ilə telefon danışığının lent yazısının fonoskopik ekspertizasını başa çatdırdığını və səsin həqiqətən Leonid Kuçmanın səsi ilə üst-üstə düşdüyünü bildirib.

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma jurnalist Georgi Qonqadzenin qətli ilə bağlı qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilib. Artıq, sabiq prezident istintaqa ifadə verib. Bu barədə Ukrayna baş prokurorun müavini Renat Kuzminə istinadən Qazeta.ru saytı məlumat yayıb.

Onun sözlərinə görə, L.Kuçma jurnalist Georgi Qonqadzenin qətlinə göstəriş verməkdə günahlandırılır.

Ukrayna prokurorluğu Leonid Kuçmanın jurnalistin qətlinin həyata keçirilməsi üçün keçmiş daxili işlər naziri ilə telefon danışığının lent yazısının fonoskopik ekspertizasını başa çatdırdığını və səsin həqiqətən Leonid Kuçmanın səsi ilə üst-üstə düşdüyünü bildirib. Lent yazısını istintaqa sabiq prezidentin mühafizə xidmətinin xaricə qaçmış mayoru Nikolay Melniçenko təqdim edib. Mətni çap olunmuş lentlərin birində Leonid Kuçma daxili işlər naziri Yuri Kravçenkoya Georgi Qonqadze ilə haqq-hesab çürütməyi tapşırır, başqa mətndə isə nazir prezidentə həmin tapşırığın yerinə yetirildiyini məruzə edir.

Öz növbəsində, sabiq prezident günahlı olmadığını və bunu istintaq sübut edəcəyini bildirib. “Mənim fəaliyyətim mavi səmadakı ağ qar kimidir. Qanunvericiliyə görə, istintaq orqanları qanunsuz yolla əldə edilmiş lent yazısından sübut kimi istifadə edə bilməz”, - deyə o jurnalistlərə bildirib.

Georgi Qonqadze müxalif “Ukrainskaya pravda” internet qəzetinin redaktoru olub. O, 2000-ci il sentyabrın 16-da itib. Həmin ilin noyabrında Kiyev yaxınlığında meşədən jurnalistin başı kəsilmiş bədəni tapılıb.

Jurnalistin qətlində günahlandırılan keçmiş daxili işlər naziri Yuri Kravçenko 2005-ci ildə intihar edib.

XS
SM
MD
LG