Accessibility links

ABŞ-ın vitse-prezidenti Ukraynada müvəqqəti prezident Oleksander Turçinov və baş nazir Arseniy Yatsenyukla görüşü zamanı Amerikanın “alçaldıcı təhdidlər” dövründə Ukraynaya dəstək verəcəyini deyib.

Co Bayden bildirib ki, Ukrayna hökuməti birlik əldə etmək imkanına malikdir. Lakin o, ukraynalıların “korrupsiya xərçəngi” ilə mübarizə etməli olacağını bildirib.

ABŞ-ın vitse-prezidenti Amerikanın Ukraynanın enerji müstəqilliyi əldə etməsinə və Rusiyanın qazından asılılığına son qoymaq üçün yardımını əsirgəməyəcəyini deyib.

Co Bayden deyib ki, Rusiya Cenevrə razılığının şərtlərinə əməl etməlidir. Belə ki, Ukrayna gələcəyi naminə mübarizə aparır. Ukraynanın baş naziri ilə birgə mətbuat konfransında ABŞ-ın vitse-prezidenti bildirib ki, Rusiya danışıqlara son qoyub, əmələ keçməlidir.

Bayden Amerikanın Ukrayna hökumətinə əlavə 50 milyon dollarlıq yardım göstərəcəyini deyib. Bu məbləğə may ayının 25-də keçiriləcək prezident seçkiləri üçün 11 milyon dollar da daxildir.

Bu gün Ağ Evin açıqladığı bəyanatda deyilir ki, ABŞ Ukraynanı 8 milyon dollarlıq qeyri-döyüş təchizatı, kommunikasiya avadanlığı və maşınlarla təmin edəcək.

Bu arada, Ukrayna və Rusiya Pasxa atəşkəsinin pozulmasında biri-digərini günahlandırır. Slavyansk şəhərində atışma zamanı 3 nəfər həlak olub.

ABŞ Dövlət Departamenti Rusiyanın xüsusi təyinatlı qüvvələrinin Ukraynanın şərq regionunda çəkilən şəkillərini nümayiş etdirib. Şəkillər Ukrayna diplomatları tərəfindən dövlət departamentinə təqdim edilib.

Rusiya isə Ukraynada əsgərləri olduğunu inkar edir.
XS
SM
MD
LG