Accessibility links

İstefa, bəyanat, etiraz - Urmiyəli məsulların Tehran polisinə təpkiləri davam edir


Ə.Yusifi, M. Həzrətpur, K. Furuzan və Sina Bəhməni (polis zorakılığına məruz qalan azarkeş)

Ə.Yusifi, M. Həzrətpur, K. Furuzan və Sina Bəhməni (polis zorakılığına məruz qalan azarkeş)

Fevralın 18-də Tehran polisinin urmiyəli voleybol tərəfdarlarına hücumuna reaksiyalar davam artıb

Fevralın 18-də Tehran polisinin urmiyəli voleybol tərəfdarlarına hücumuna reaksiyaların ardınca yerli siyasətçilər və məsullar, o cümlədən Urmiyə şəhər şurası, Bələdiyyə Başqanı, idman məsulları və millət vəkilləri polis zorakılığını qınamaqla yanaşı, hökümətdən olayların araşdırılmasını tələb edib.

Urmiyənin Bələdiyyə klubunun veb səhifəsi Qərbi Azərbaycan vilayəti Voleybol Assosiasiyasının başqanı Kərim Furuzanın İran Voleybol Federasiyası başqanının olaylar haqqında yanlış məlumat verməsinə etiraz olaraq istefa verdiyini bildirib.

Bələdiyyə klubunun prezidenti Əhəd Yusifi isə “Tehran polisi və İran voleybol federasiyasının münasibətsiz və uyğunsuz davranışlarına etiraz olaraq” Daxili İşlər Nazirliyi vasitəsilə olayların araşdırılmasına qədər voleybol komandasının fəaliyyətlərinin dayandırılacağını elan edib.

“Mən urmiyəli tərəfdarların qanlı üzlərini öpürəm,” deyə klub prezidenti mətbuata açıqlamasında əlavə edib.

Urmiyə şəhər şurası Tehranın Azadi stadionunda baş verən polis zorakılığından sonra fövqəladə iclas keçirib.

Şəhər şurasının rəsmi veb səhifəsində nəşr edilən bəyanatda şuranın Daxili İşlər Nazirliyi və İran Polis Komandirinə müraciət edərək yaşanan olaylar və tərəfdarlara hücum edən polislər haqqında araşdırma aparılmasını tələb etdiyi bildirilir.

Urmiyə Bələdiyyə Başqani Məhəmməd Həzrətpur və millət vəkili Nadir Qazipur da Tehran stadionunda urmiyəli azarkeşlərin döyülməsini kəskin dillə qınayaraq hökümət məsullarının cavabdeh olmasını istəyiblər.

Həzrətpur baş verən olaylarla bağlı Tehran polisindən əlavə İran Voleybol Fedrasiyası və Azadi Stadionunun da təqsirkar olduğunu ifadə edib.

Aina News-a istinadən, Bələdiyyə Başqanı həmçinin İran Voleybal Fedrasiyası başqanının “Urmiyəlilər məğlubiyyəti qəbul edə bilmədilər” şəklində açıqlamalarına da sərt təpki verib.

“Federasiya başqanı Məhəmməd Rza Davərzəninin açıqlaması məni şok etdi. O, olaylar zamanı mənə SMS göndərib tərəfdarların döyülməsi ilə bağlı üzr istəyərək polis qüvvələrinin təqsirkar olduğunu bildirmişdi,” deyə Həzrətpur İran Voleybal Fedrasiyası başqanından gələn mesajı jurnalistlərə göstərib.

Məhəmməd Həzrətpur həmçinin Urmiyə və Tehran arasında keçirilən İran milli voleybol çempionatının final oyununun tərəfsiz bir şəhərdə deyil Tehranda təşkil olunmasını Urmiyə voleyboluna qarşı bir plan kimi dəyərləndirib.

XS
SM
MD
LG