Accessibility links


Ötən günlərdə Təbrizdə keçirilən Ozan aşıq qrupunun böyük konsertində Urmiya Aşıq Məktəbinin ustad aşıqları Yusuf Ohanes və Məmməd Hüseyn Dehqanın yaradıcılığına yüksək qiymət verilib.

Urmiyalı ustadlara şair Səttar Gülməhəmmədi, dilçi və şair Əli Daşqın, aşıq sənəti araşdırmaçısı Cavad Dərbəndi və incəsənət xadimi Zeydi tərəfindən fəxri fərman təqdim edilib.

Yeniyetmə çağlarından qopuz çalıb aşıq mahnıları ifa edən 86 yaşlı Aşıq Yusuf və 79 yaşlı Aşıq Dehqan muxtəlif musiqi festivallarında mükafatlar alıb, Azərbaycan Respublikası və Türkiyədə çıxış ediblər.

Aşıq sənəti araşdırmaçılarının Azərbaycan və Anadolu aşıq sənətləri arasında bir körpü kimi qiymətləndirdiyi Urmiyə Aşıq Məktəbinin əsası 18-19-cu əsrlərdə Dollu Mustafa, Balovlu Miskin və Qul Hartun tərəfindən qoyulub.

Urmiya məktəbinin əsas xüsusiyyətlərindən biri onun Urmiya, Xoy, Salmas, Sulduz və Qoşaçay kimi şəhərlərdə Azərbaycan türkləri ilə yanaşı aysorlar (Assyrian) və ermənilər kimi digər etnik qruplara mənsub musiqiçilər tərəfindən təmsil edilməsi, habelə şiə, sünni, ələvi və xristian azərbaycanlılar arasında bu musiqi növünün geniş yayılması və bütün bu qruplar arasında ustad ifaçıların yetişdirilməsindən ibarətdir.

Bu gün bu məktəbin tanınmış xristian ustadı Aşıq Yusuf Ohanesın atası Aşıq Yaqub və babası Aşıq İşo da öz dövrlərinin məşhur aşıqları olublar.


XS
SM
MD
LG