Accessibility links

Ceymstaun fondunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığına dair konfrans keçirilib


Ceymstaun fondunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığına dair konfrans keçirilib

Ceymstaun fondunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığına dair konfrans keçirilib

Konfransda ABŞ və Azərbaycan arasında əlaqələrin geniş aspektləri müzakirə edilib

Vaşinqtonda yerləşən Ceymstaun Fondunun təşəbbüsü ilə “ABŞ-Azərbaycan münasibətləri: Strateji Tərəfdaşlığın vəziyyəti” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycanın xarici siyasət prioritetləri, ABŞ və Azərbaycan tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, ABŞ-ın Xəzər regionunda enerji siyasətində Azərbaycanın mövqeyi və Azərbaycanın regionda oynadığı rol və digər məsələlər geniş müzakirə olundu. Tədbirdə Azərbaycan prezident aparatı nəzdində Strateji Araşdırmalar mərkəzinin direktoru Elxan Nuriyev, Ceymstaun fondunun aparıcı təhlilçisi Vladimir Sokor, Mərkəzi Asiya və Qafqaz institunun sədri Frederik Star məruzə etmişlər.

ABŞ Dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşaviri Riçard Morninqstar Azərbaycanın ABŞ-ın Xəzər regionunda enerji siyasətində yeri mövzusunda çıxış etdi. Klinton dövründə ABŞ və region ölkələri arasında yüksək səviyyədə münasibətlər qurulduğunu deyən Morninqstar bildirdi ki, ABŞ-ın hazırkı administrasiyasının regiona diqqəti azaldacağına dair heç bir işarə yoxdur. Onun sözlərinə görə, indi regionun inkişaf dinamikası daha mürəkkəbdir. Riçard Morninqstar Azərbaycan regionun enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşımağa davam etdiyini qeyd etdi. O, ABŞ-ın regionda enerji mənbələrinin divertifikasiyası məsələsini regionda enerji siyasətinin başlıca prinsiplərindən biri kimi saxladığını qeyd etdi. Morninqstar eyni zamanda regionda yeni layihələrin gerçəkləşməsi üçün imkanların olduğunu bildirdi və Cənub dəhlizinin yaradılacağına əmin olduğunu söylədi.

Tədbirə dəvət edilən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində baş məsləhətçi, ABŞ prezidentinin Milli Təhlükəslik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Brjezinski ABŞ-Azərbaycan münasibətləri, regionun geo-siyasəti ilə bağlı fikirləri ilə bölüşdü. Cənab Brjezinski Azərbaycanın müstəqil, suveren bir dövlət və müvəffəq ölkə kimi inkişaf etdiyini bildirdi. Demokratiya sahəsində hələ də müəyyən problemlərin olduğunu qeyd edən cənab Brjezinski ABŞ-ın da bu sahədə uzun yol keçdiyini, suveren olmayan ölkənin müstəqil bir ölkə kimi inkişaf etməsinin ağır proses olduğunu bildirdi. Çıxışı zamanı prezident Heydər Əliyevlə bağlı xatirələri ilə bölüşən cənab Brjezinski onun Azərbaycanın xarici siyasət kursunun müəyyənləşməsində rolunu xüsusi vurğuladı. Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında enerji sahəsində tərəfdaşlıq strateji bir seçim idi. Cənab Brjezinski Birləşmiş Ştatların Qafqaz regionunda siyasətini şərh edərək dedi ki, ABŞ-ın mövqeyi aydındır: Birləşmiş Ştatlar Avropa icmasının üzvləri kimi inkişaf yolu seçmiş Azərbaycan və Gürcüstanı dəstəkləyir. “Ermənistana gəldikdə, burada sual qalır”-deyən Zbiqnev Brjezinski Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin hələ də həll olmamış qaldığını qeyd etdi. O, Dağlıq Qarabaq münaqişəsinin həll olmamasının regionun heç bir ölkəsinin marağına xidmət etmədiyini bildirsə də, yaxın gələcəkdə böyük gözləntilərin olmadığını əlavə etdi.

Konfransda prezident Barak Obamanın ABŞ-ın Azərbacyandakı səfiri vəzifəsinə nominasiya etdiyi Metyu Brayzanın təyinatının Konqresdə bəzi senatorlar tərəfindən qarşısının alınması məsələsi ətrafında müzakirə aparıldı. ABŞ Dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşaviri Riçard Morninqstar Metyu Brayzanın bu vəzifəyə layiq peşəkar diplomat olduğunu bir daha vurğulyaraq, administrayanın onun namizədliyinə dəstəyindən geri çəkilmədiyini bildirdi. Məsələ ilə bağlı Zbiqnev Brjezinski də fikrini bildirərək dedi ki, burada məsələ hökumətin hansısa etnik lobbinin birtərəfli tələblərinə qulaq asıb-asmamasındadır. “Bir ölkəyə səfirin təyin olunmasının qarşısını almaq xarici siyasət məsələlərinin həlli yolu deyil.”-deyə cənab Brjezinski əlavə etdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG