Accessibility links

Təhlil: ABŞ seçkilərində azərbaycanlılar kimi dəstəkləyir? [Video]


ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri bütün dünya ilə yanaşı, azərbaycanlıların da diqqət mərkəzindədir. Nə Respublikaçı namizəd Donald Tramp, nə də Demokrat rəqibi Hillari Klinton indiyədək Azərbaycan barədə heç bir söz deməyib. Buna baxmayaraq, onların seçiciləri arasında azərbaycanlılar da var. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına görə, Azərbaycanda doğulmuş 7 minə yaxın insan 1991-2014-cü illər arasında ABŞ vətəndaşlığını qəbul edib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına görə, Azərbaycanda doğulmuş 7 minə yaxın insan 1991-2014-cü illər arasında ABŞ vətəndaşlığını qəbul edib.

Bəs görəsən azərbaycanlı seçicilərin bu seçkilərlə bağlı fikirləri nədən ibarətdir? Söhbətləşdiyimiz azərbaycanlılar onları əsasən Azərbaycanla Dağlıq Qarabağ və insan haqlarına dair məsələlərin narahat etdiyini bildirib.

Uzun illərdir Vaşinqton ərazisində yaşayan Bədir Məmmədli bu seçkilərin əvvəlkindən fərqləndiyini düşünür. O, adətən Respublikaçı namizədi dəstəkləsə də, bu il hələlik qərarsız olduğunu bildirir. Cənab Məmmədli namizədlərin Dağlıq Qarabağa dair münasibət bildirməsini istəyir. Ancaq o, yeni administrasiya ilə dəyişiklik baş verəcəyini düşünmür.

"Hansı namizəd seçilirsə seçilsin Azərbaycanla münasibətlərdə belə bir əsaslı dönüş gözlənilmir. Münasibətlər həmişəki kimi mülayim, mehriban, bir dostluq səviyyəsində inkişaf edəcək" - deyə Bədir Məmmədli bildirir.

Nə Tramp, nə Klintondan Azərbaycanda insan haqları ilə bağlı heç bir gözləntim yoxdur. Nəzərə alsaq ki, Hillari Klintonu biz 4 illik dövlət katibliyi dönəmindən yaxşı tanıyırıq. O, o zaman da insan haqlarına dəstək verən bir dövlət katibi kimi yadda qalmayıb. Tramp isə siyasətdə yeni fiqurdur. Onun biznes keçmişini nəzərə alsaq, Trampın insan haqlarına xüsüsusi diqqət yetirəcəyinə inanmıram

ABŞ-da yaşayan azərbaycanlı siyasi fəal Səid Nuri də yeni administrasiyanın hər hansı dəyişiklik gətirəcəyinə inanmır. Amerikanın Səsinə Skype vasitəsilə açıqlamasında ABŞ üçün demokratiyanın dəstəklənməsinin mühümlüyünü vurğulayan fəal hazırki namizədlərdən heç birinin insan haqlarını dəstəkləyən şəxs kimi tanınmadığını dilə gətirir: "Nə Tramp, nə Klintondan Azərbaycanda insan haqları ilə bağlı heç bir gözləntim yoxdur. Nəzərə alsaq ki, Hillari Klintonu biz 4 illik dövlət katibliyi dönəmindən yaxşı tanıyırıq. O, o zaman da insan haqlarına dəstək verən bir dövlət katibi kimi yadda qalmayıb. Tramp isə siyasətdə yeni fiqurdur. Onun biznes keçmişini nəzərə alsaq, Trampın insan haqlarına xüsüsusi diqqət yetirəcəyinə inanmıram".

Ancaq Səid Nuri deyir ki, istənilən halda insan haqları ABŞ xarici siyasətinin özəklərindən biridir və nə qədər zəif də olsa, bu sahəyə diqqət yetiriləcək.

Seçici fəallığına gəldikdə isə, Bədir Məmmədli azərbaycanlıların seçkilərə marağının yüksək olduğunu vurğulayır: "Azərbaycanlıların bu kampaniyaya qoşulması onların siyasi savadının artmasından, onların Amerika cəmiyyətinə adaptasiya olmasından xəbər verir. Çox müsbət bir haldır. Mən şəxsən hər iki partiyadan könüllü tədbirlərə qatılan azərbaycanlıları görmüşəm, onlarla söhbət etmişəm".

Səid Nuri isə bu seçkilərə marağın əvvəldən çox böyük olduğunu deyir. O, bu marağın xüsusilə mühacirlər arasında olduğunu bildirir.

"Lakin nisbətən zəif namizədlərin seçilməsi şəxsən mənim kimi mühacirlərdə bir qədər məyusluq yaratdı. Hesab edirəm ki, Amerikada prezidentliyə layiq daha yaxşı namizədlər var idi. Ancaq istənilən halda əvvəlki illərə baxanda aktivlik daha çoxdur" - deyə Səid Nuri bildirir.

Hansı namizəd seçilirsə seçilsin Azərbaycanla münasibətlərdə belə bir əsaslı dönüş gözlənilmir. Münasibətlər həmişəki kimi mülayim, mehriban, bir dostluq səviyyəsində inkişaf edəcək.

Bu fəallığın kökündə duran səbəblərdən biri də xüsusilə Respublikaçı namizəd Donald Trampın qeyri-qanuni mühacirlər və müsəlmanlar barədə səsləndirdiyi fikirlərdir. Görəsən azərbaycanlılar bu seçki kampaniyası ərzində özlərinə qarşı dini ayrıseçkilik hiss ediblərmi?

Səid Nuri: "Mən Respublikaçılar Partiyasının üzvüyəm və Ted Kruzun seçki qərargahında çalışmışam. O, hətta Donald Trampdan da daha mühafizəkar namizəd idi. Mən heç zaman özümə qarşı din və etnik mənsubiyyətim əsasında ayrıseçkilik hiss etməmişəm. İslamafobiyanın əsasında isə bəzi müsəlman mühacirlərin terror meyilliliyi durur".

Bədir Məmmədli: "Bir qrup azərbaycanlı həqiqətən bundan narahatdır. Tramp seçiləcəyi halda mənfi bir halın baş verə biləcəyini gözləyir. Məsəl üçün onların deportasiya edilməsi və ya onlara qarşı hər hansı ayrı-seçkiliyin yaranmasını düşünür. Bir qrup azərbaycanlı isə bu fikirləri ciddi qəbul etmir. Onlar Trampın dediklərində coğrafi səhv görürlər. Tramp müsəlman sözü işlədəndə bunu bütün müsəlmanlara şamil etmir. O, əsasən Ərəb ölkələrini nəzərdə tutur".

Hər iki azərbaycanlı bu ilki seçkilərdə azərbaycanlıların çoxluq şəklində hansısa namizədi dəstəklədiyinin müşahidə edilmədiyini bildirir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG