Accessibility links

Ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin taleyi qeyri-müəyyən olaraq qalır


Ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin taleyi qeyri-müəyyən olaraq qalır

Ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin taleyi qeyri-müəyyən olaraq qalır

Amerika Konqresinin Nümayəndələr Palatasının bu gün tətilə çıxmazdan əvvəl sonuncu sessiyası zamanı ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin gündəmə gətirilməsi mümkün ola bilər, lakin bu barədə dəqiq məlumat verilmir.

ABŞ administrasiyası qətnamənin səsə qoyulmasının əleyhinə olduğunu bildirib. Dünən Ağ Evin sözçüsü Robert Gibbs mətbuat konfransı zamanı qətnamə ilə bağlı deyib ki, ABŞ Türkiyə ilə münasibətlərə böyük əhəmiyyət verir.

252 saylı qətnamədə 1915-ci ildə ermənilərin qətlləri soyqırım adlandırılır və ABŞ-ın məsələyə daha həssaslıqla yanaşması istənilir. Qətnamə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində mart ayında təsdiq edilmişdi. İndi onun Nümayəndələr Palatasının ümumi iclasında səsverməyə qoyulması mümkün ola bilər. Qətnamə konqresmenlər Adam Şiff (Kaliforniaydan demokrat), Corc Radanoviç (Kaliforniyadan respublikaçı), Frank Pollone (Nyu Cersidən demokrat) tərəfindən təqdim edilmişdir. Lakin Nümayəndələr Palatasının spikeri Nensi Pelozi sənədə dəstək verən nüfuzlu demokrat nümayəndə kimi tanınır.

Noyabr ayında Konqresə ara seçkilərdən sonra demokratlar Nümayəndələr Palatasında əksəriyyəti itirdiyinə görə Nensi Pelozi də spikerlik vəzifəsini azad etməli olacaq. Bundan sonra isə soyqırıma dair qətnamənin də əhəmiyyətini itirəcəyi gözlənilir. Lakin Nensi Pelozi uzun zamandır erməni mənşəli seçicilərə verdiyi sözü yerinə yetirərək bu gün qətnaməni iclasın gündəliyinə sala biləcəkmi? Bunu etdiyi halda, Pelozinin mənsub olduğu demokrat partiyasından prezident Barak Obamanı çətin vəziyyətdə qoya biləcəyi düşünülür. ABŞ-Türkiyə münasibətlərinə vurula biləcək zərərə görə Nensi Pelozi hətta respublikaçı prezident Corc Buşun xəbərdarlıqlarını nəzərə almalı olmuşdu.

ABŞ Dövlət Departamenti qətnamənin əleyhinə olduğunu bəyan edib. Lakin Ağ Evin sözçüsü Robert Gibbs prezident Obamanın qətnamənin qarşısını almaq üçün fəaliyyət göstərdiyini düşünmədiyini bildirdi. Prezident Obamanın 2008-ci il prezident seçki kampaniyası zamanı verdiy vədlərdən biri ermənilərin qətllərini soyqırım kimi tanımaq olmuşdur. Lakin NATO üzrə ABŞ-ın müttəfiqi və Yaxın Şərqdə əsas tərəfdaşı olan Türkiyə ilə münasibətlər administrasiyanı öz mövqeyini dünən Ağ Evdə danışan mətbuat katibi Robert Gibbsin dediyi kimi “Biz Türkiyə ilə münasibətlərə böyük önəm veririk” şəklində bəyan etməyə vadar edir.

Müşahidəçilərin fikrincə, ABŞ administrasiyası əvvəlki illərdə olduğu kimi qətnaməyə bu dəfə kəskin reaksiya göstərmir. Qətnamə əleyhinə iki əsas arqument irəli sürülür. Birincisi, bu, ABŞ-Türkiyə münasibətlərinə zərər vurə bilər, ikincisi isə, keçən il Obama administrasiyasının Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səylərini təhlükə altına qoymuş olur. Lakin ekspertlər onu da bildirir ki, bu kimi qətnamələr simvolik xarakter daşıyır və onların icrası məcburi xarakter daşımır. Onların siyasi əhəmiyyəti olmur, lakin təbii ki, simvolik baxımdan əhəmiyyət kəsb edirlər.

Xatırladırıq ki, ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin mart ayında Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təsdiqindən sonra Türkiyə Vaşinqtondan səfirini geri çağırmışdı. Administrasiya rəsmiləri Türkiyə-Amerika münasibətlərinin əhəmiyyətini vurğulayaraq məsələ ilə bağlı Konqres liderləri ilə müzakirələr aparmışdı.

Amerikanın səsinin türk xidmətinin Nümayəndələr Palatasının spikeri Nensi Pelozinin ofisinə qətnamənin bu gün gündəmə salınıb-salınmayacağı haqda sualına hələ cavab verilməyib.

Amerikada türk-Azərbaycan icmasını təmsil edən qruplar və təşkilatlar qətnamənin səsverməyə çıxarılmasının qarşısını almaq üçün fəaliyyət aparır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG