Accessibility links

START ratifikasiya edildi, növbədə taktiki nüvə silahları gəlir

  • Amerikanın səsi

START ratifikasiya edildi, növbədə taktiki nüvə silahları gəlir

START ratifikasiya edildi, növbədə taktiki nüvə silahları gəlir

Ekspertlər hesab edir ki, Rusiya və Birləşmiş Ştatlar indi diqqəti qısa mənzilli taktiki nüvə silahlarına yönəltməlidir

Bu yaxınlarda ABŞ Senatı Strateji Silahların ixtisarına dair yeni müqaviləni ratifikasiya etdi. Burada uzun mənzilli nüvə silahları nəzərdə tutulur. Hazırda belə bir sual durur: Rusiya və Birləşmiş Ştatlar qısa mənzilli və ya taktiki silahların ixtisarını da nəzərdən keçirə bilərmi?

Taktiki silahlar strateji nüvə başlıqları qədər böyük ola bildiyi halda, daha qısa məsafələr üçün nəzərdə tutulub. Bu raketlər 500 kilometrdən az məsafədə yerdən və havadan atılaraq, döyüş silahları növünə aiddir.

Özəl araşdırma mərkəzi olan Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Deril Kimbalın fikrincə, Vaşinqton və Moskvanın nə qədər taktiki silaha malik olduğunu demək çətindir, çünki belə silahlara nəzarəti nəzərdə tutan heç bir rəsmi sənəd yoxdur.

“Müstəqil hesablamalara görə, Birləşmiş Ştatlar bir neçə yüz ədəd taktiki nüvə silahına malikdir. Bunların təxminən 180-ni NATO-nun Avropadakı beş bazasında-İtaliya, Türkiyə, Almaniya, Niderland və Belçikada yerləşdirilib. Rusiyanın üç min ədəd taktiki nüvə bombasına malik olduğu təxmin edilir. Lakin onların çoxu istifadə edilmək üçün hazır vəziyyətdə deyil. Bu silahların çoxu zərərsizləşdirilməlidir, ya da hazırda konservasiyadadır. Güman edilir ki, Rusiyanın malik olduğu taktiki nüvə bombaları qərblə, Avropa ilə sərhəddən uzaq yerdə saxlanılır.”

Ekspertlərin çoxu inanır ki, Rusiyanın taktiki nüvə başlıqlarının böyük hissəsi Çindən nüvə təhlükəsinin qarşısını saxlamaq məqsədilə şərq sərhəddində saxlanılır.

Nüvə silahları siyasətilə məşğul olan Ploughshares Fondunun prezidenti Cozef Sinrinsione Moskvanın geniş taktiki nüvə silahları anbarına malik olmasını başqa səbəblərlə izah edir.

“Ruslar xüsusilə də soyuq müharibə bitəndən sonra hesab edirdilər ki, bu, NATO və Birləşmiş Ştatların adi silahlara görə üstünlüyünü neytrallaşdırmaq üçün zəruridir. Bu, NATO-nun sovet tank ordusunu neytrallaşdırmaq üçün minlərlə taktiki nüvə silahı yerləşdirdiyi soyuq müharibə dövrünün tam əksi deməkdir. ”

Sirinsione deyir ki, Moskvanın böyük sayda taktiki nüvə silahı soyuq müharibə dövründən qalma bir şeydir.

“Rusiya və NATO-nun daha rəqib olmadıqlarına baxmayaraq, real hərbi təhlükə yarada bilən opponentin mövcud olduğu haqda bir təsəvvür var. Bununla yanaşı, nüvə silahlarından döyüş meydanında istifadə etmək, düşmənin hücumunu dəf etmək üçün onlardan öz ərasizində istifadə edə bilmək haqda fikir mövcuddur. Bir sıra ölkələrin bu doktrinadan geri çəkilməsi bununla izah edilir, hərbçilər müasir dövrdə nüvə silahlarından istifadə edilməsinin qeyri-mümkün olduğunu düşünərək, onlardan əl çəkdiyi halda, Rusiya soyuq müharibə dövrünün bu doktrinasından yapışıb.”

Deril Kimbal kimi bir sıra ekspertlər hesab edir ki, taktiki nüvə silahlarının məsuliyyəti dəyərindən daha artıqdır və onlar təhlükəsizlik sahəsində müəyyən mənada risk yaradır.

“Bu silahların fiziki ölçüləri daha kiçik olduğu üçün, onların daşınması daha asandır və buna görə də onlar da təhlükəlidir. Biz Rusiyadakı taktiki silahların hamısının hesaba alındığı, ya da onların təhlükəsizləşdirildiyini bilmirik. Buna görə də uzun müddət üçün perspektivə baxdıqda, bu silahlar nüvə terrorizmi riski təşkil edir və bu riskin qarşısını almağın ən yaxşı yolu silahları qeydə almaq və sonda 20-ci əsrin bu köhnəlmiş silahlarının tamamilə məhv edilməsidir.”

Bu yaxınlarda Senatın ratifikasiya etdiyi yeni START müqaviləsi taktiki nüvə silahlarını əhatə etmir. Burada ağır bombardmançılar və sualtı qayıqlardan atılan uzun mənzilli strateji nüvə başlıqları nəzərdə tutulur.

Lakin Cozef Sirinsione Senatda dinləmələr zamanı taktiki nüvə silahlarının qeyd edildiyini bildirir.

“Senatda START müqaviləsinin ratifikasiyasının gözlənilməyən bir nəticəsi o oldu ki, indi Senat respublikaçıların təşəbbüsü və demokratların dəstəyi ilə prezidentə bir il ərzində taktiki nüvə silahlarının ixtisarı ilə bağlı danışıqlar aparmağı tapşırıb. Prezident böyük məmnunluqla bunu edəcək.”

Obama administrasiyası nüvə silahlarının azaldılmasını xarici siyasət sahəsində prioritet edib. Ekspertlər bildirir ki, yeni START müqaviləsi irəliyə doğru mühüm adımdır. Təhlilçilər deyir ki, Vaşinqton və Moskva indi diqqəti taktiki nüvə silahlarından başlayaraq, digər kateqoriyalı nüvə başlıqlarına yönəltməlidir.

XS
SM
MD
LG