Accessibility links

ABŞ-ın Cənubi Qafqazda strategiyası

  • Amerikanın səsi

ABŞ-ın Cənubi Qafqazda strategiyası

ABŞ-ın Cənubi Qafqazda strategiyası

Ekspertlər Vaşinqton və region ölkələri arasında münasibətlərin əvvəlki və bugünkü durumunu müzakirə edir

Birləşmiş Ştatlar Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıq münasibətlərini artıraraq, regionda fəal siyasət yeritməlidir. Bunu ABŞ-ın aparıcı ekspertləri bu yaxınlarda Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar mərkəzində keçirilən konfransda bildiriblər.

ABŞ-ın Cənubi Qafqaz və Xəzər regionunda strategiyası” mövzusunda keçirilən konfransda çıxış edən Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze ABŞ və Avropanın Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıq münasibətlərinin gücləndirməsinin vacibliyini önə çəkib. O deyib ki, 2008-ci ildə olduğu kimi region xarici qüvvələrin oyun meydançasına çevrilmək təhlükəsi qarşısında qala bilər.

Birləşmiş Ştatların Azərbaycan və Türkiyədəki keçmiş səfiri Ros Vilson deyib ki, Amerikanın Cənubi Qafqazda siyasətinin əsasını region ölkələrinin suverenliyinin qorunması, siyasi təsisatların möhkəmləndirilməsi, eyni zamanda, Avropa və beynəlxalq icmaya inteqrasiya prosesinin gücləndirilməsi təşkil edir. “ABŞ Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqazda olduqca böyük nailiyyətlər əldə edə bilib”-deyə səfir Vilson qeyd edib. Onun sözlərinə görə, region ölkələrində mühüm iqtisadi islahatlar həyata keçirilib, Qərblə sıx əlaqələr yaradılıb. “Lakin növbəti on ildə ABŞ və Cənubi Qafqaz bölgənin təhlükəsizliyi və iqtisadi inkişafı ilə bağlı bir sıra mühüm məsələlərin həllinə hazır olmalıdır”-deyə səfir əlavə edib. O deyib ki, Cənibi Osetiya və Abxaziyanın statusu ilə bağlı Gürcüstan və Rusiya arasında gərgin münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həll olmaması, habelə Şimali Qafqazda qeyri-sabitlik Cənubi Qafqazda sabitliyə hədə törədən əsas problemlərdir.

Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Elin Süleymanov Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunun bütövlükdə inkişafı qarşısında ən böyük maneə olaraq qaldığını bildirib.

Ekspertlər Dağlıq Qarabağda vəziyyətin son zamanlar sərhəddə atəşkəs rejiminin pozulmasına görə gərginləşdiyini düşünür. Lakin onların fikrincə, nə ABŞ, nə də beynəlxalq ictimaiyyət problemin həlli üçün konkret addımlar atmır.

Səfir Ros Vilson hesab edir ki, Dağlıq Qarabağda vəziyyətin son illər zəifləmiş beynəlxalq monitorinqi gücləndirilməlidir. Əks halda, onun fikrincə, münaqişənin yenidən başlaması təhlükəsi arta bilər.

Ekspertlər hesab edir ki, ABŞ Əfqanıstanda anti-terror kampaniyasından sonra Cənubi Qafqaz ölkələri ilə münasibətləri necə inkişaf etdirəcəyi məsələsinə xüsusi diqqət verməlidir. Hərbi təhlilçi Robet Hamiltonun fikrincə, siyasi təsisatların gücləndirilməsi və demokratik islahatların keçirilməsi ABŞ və Cənubi Qafqaz ölkələri ilə hərbi sahədə əməkdaşlıq üçün əhəmiyyət daşıyır. O deyib ki, Rusiyadan fərqli olaraq, Cənubi Qafqaz ölkələri ABŞ-ın Əfqanıstanda etibarlı və fəal müttəfiqləri olaraq qalır.

XS
SM
MD
LG