Accessibility links

ABŞ-ın Daxili Gəlirlər Xidməti və Azərbaycan Vergilər Nazirliyi məlumatların təhlükəsizliyini müzakirə edib


FATCA - Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı
FATCA - Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı

Bakıda “Məlumatların təhlükəsizliyinin təmin edilməsi və İnfrastrukturu” mövzusunda görüş keçirilib

Avqustun 28-29-da Vergilər Nazirliyində Amerika Birləşmiş Ştatlarının Daxili Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə “Məlumatların təhlükəsizliyinin təmin edilməsi və İnfrastrukturu” mövzusunda görüş keçirilib. Bu barədə Vergilər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir ki, vergilər nazirinin birinci müavini Natiq Əmirov gəlirlərin gizlədilməsi və vergidən yayınma ilə mübarizə aparılmasında FATCA ilə Vergilər Nazirliyinin birgə gördüyü işlərin əhəmiyyəti və mövcud vəziyyət barədə görüş iştirakçılarına məlumat verib.

Görüşdə həmçinin məlumatların təhlükəsizliyinin təmin edilməsi tədbirləri və infrastruktur üzrə iş kitabının məqsədləri, normativ-hüquqi baza, informasiya təhlükəsizliyinin idarə edilməsi, nəzarət və icranın təmin edilməsi məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı məlumat mübadiləsi ilə əlaqədar üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəklərini bildirib.

FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu ildə qəbul edilib və 1 yanvar 2013-cü ildə qüvvəyə minib. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

XS
SM
MD
LG