Accessibility links

Azərbaycanın rəsmi mediası ABŞ-la bağlı ittihamedici məqalələrini davam etdirir


Azərbaycan qəzeti

Azərbaycan qəzeti

Azərbaycanın rəsmi və iqtidaryönümlü mediası ABŞ və dövlət katibi Con Kerrinin sərt tənqidi əksini tapan ittihamedici məqalələrini davam etdirir.

ABŞ səfirliyinin dünənki bəyanatından sonra, bu gün rəsmi dövlət qəzeti “Azərbaycan” ABŞ əleyhinə iki, Azərbaycan Prezidentinin İşlər İdarəsinin “Xalq qəzeti” isə bir məqalə dərc edib.

Rəsmi “Azərbaycan”ın “İnsan hüquqları” və “demokratiya” siyasi avantura vasitəsinə çevriləndə” başlıqlı məqaləsində deyilir ki, qərb dünyası, o cümlədən ABŞ özünü dünyada “demokratiyanın beşiyi” kimi təqdim edir və beynəlxalq münasibətlərdə özünü demokratiya məsələlərinə xüsusi önəm verdiyini göstərmək istəyir. Lakin Qərb imperializminin dünyanın bir çox xalqlarının başına açdığı oyunlar tarixdən yaxşı məlumdur.

“Görünən odur ki, bu gün “insan hüquqları” və “demokratiya” ABŞ-ın rəhbər şəxsləri tərəfindən siyasi avantura vasitəsinə çevrilib. Və özünü “azadlıq carçısı” kimi təqdim edənlər əslində dövlət çevrilişləri və siyasi qəsdlərin müəllifləri rolunda çıxış edirlər”, məqalədə qeyd edilir.

İkinci məqalə “907-ci düzəliş”in müəllifi Con Kerri yeni antiazərbaycan kampaniyaya başlayıb” başlığı altında dərc olunub. Məqalədə iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin digər deputatı Asim Mollazadə və politoloq Mübariz Əhmədoğlunun fikrilərinə əsaslanaraq ABŞ dövlət katibi Con Kerrinin ofisinin Azərbaycanın əleyhinə işlədiyi bildirilir. Yazıda Kerrinin Azərbaycan əleyhinə qara piar apardığı və erməniləri dəstəklədiyi deyilir.

“Xalq qəzeti”nin “Mələk donlu mister”in kələk dolu piar torbası ifşa olunur” başlıqlı məqaləsində ironiya ilə bildirilir ki, cənab Kerri Azərbaycanda jurnalistlərin, yazıçıların və digər yaradıcı insanların satın alınması barədə konkret tapşırıq veribmiş.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyi media vebsaytlarında ABŞ və dövlət katibi Con Kerrinin əleyhinə yazılarla bağlı bəyanat yayıb.

"ABŞ səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır. Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddiaları tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır. Birləşmiş Ştatlar Azərbaycanın müstəgilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, Əsrin Kontraktını dəstəkləmək də daxil olaraq, Azərbaycanın suverenliyinin və uğurunun təminatına fəaliyyətlər göstərmişdir”, bəyanatda qeyd edilir.

XS
SM
MD
LG