Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi qəbul təşkil edib


Robert Sekuta və Samir Şərifov
Robert Sekuta və Samir Şərifov

İyulun 1-də Amerikanın Azərbaycandakı səfirliyi ABŞ-ın müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Qəbulda Azərbaycan hökumətinin üzvləri, Milli Məclisin deputatları, dini konfesiyaların rəhbərləri, siyasi partiyalar, QHT təmsilçiləri, Azərbaycanda akreditə olunmuş diplomatik korpuslar, ziyalılar, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, Azərbaycan və ABŞ birlikdə bir çox uğurlara nail olub.

“ABŞ 1991-ci ildən Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir. ABŞ Azərbaycanın neft və qazının ixracına, dənizdən neft çıxarılmasına, müasir iqtisadiyyat və dövlət qurmasına kömək edir. Biz Azərbaycanda yeni institutlar, yeni demokratiya qurmaq üçün təcrübəmizi bölüşmüşük”, o qeyd edib.

Cənab Sekuta ABŞ hökumətinin Azərbaycanın Əfqanıstanda, İraqda və Kosovoda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri xüsusi qiymətləndirdirir.

Səfir hesab edir ki, Azərbaycan inkişaf etdikcə iki dövlət arasında əlaqələr də inkişaf edir.

“1993-cü ildən indiyədək ABŞ Azərbaycana 1,3 milyard dollar humanitar yardım edib”.

Onun sözlərinə görə, prezident İlham Əliyevin bu ilin martında ABŞ-a səfəri iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın əsasını qoyub.

“Aqrar sahə, qadınlar və gənclər arasında sahibkarlığa kömək, qanunun aliliyi, şəffaflığın artırılması sahəsində əməkdaşlıq genişləndirilir. Açıq səma sazişi imzalanaraq qüvvəyə minib. Biz, təhsil və mədəni mübadiləni də gücləndirmək istəyirik”.

Səfir deyib ki, ABŞ demokratik, güclü və inkişaf edən Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir.

“Mən Azərbaycanın multikulturalizmi çağırışlarına yüksək qiymət verirəm. Demokratik ölkələrin, o cümlədən ABŞ-ın inkişaf yolları və üsulları ilə bağlı açıq dialoq aparmalıyıq. 200 il əvvəl müstəqilliyin yaradılması da sübut edir ki, bu cür insanlar qələbə əldə edə bilir”, Sekuta qeyd edib.

Azərbaycan maliyyə naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasını həmsədri Samir Şərifov bildirib ki, ikitərəfli əlaqələr ötən illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edib.

S.Şərifov son dövrdə iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərləri qeyd edərək ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

“Ölkələrimiz arasında qlobal, regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq mövcuddur. Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir. 2015-ci ildə qarşılıqlı əmtəə dövriyyəsi 1,2 milyard dollar olub. ABŞ-ın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 6 faizə yaxın olub. “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanın fəaliyyəti ABŞ tərəfindən dəstəklənir”.

Azərbaycan ABŞ ilə birgə beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Azərbaycan terrorizmin bütün növlərini qətiyyətlə pisləyir.

Nazir deyib ki, Azərbaycan Cənubi Qafqazda sabitliyə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində, regionda sülhün bərqərar olmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın öz səylərini artıracağına ümid edir.

XS
SM
MD
LG