Accessibility links

Dünya Bankının ekspertləri Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını müzakirə ediblər


Dünya Bankının ekspertləri Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını müzakirə ediblər

Dünya Bankının ekspertləri Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını müzakirə ediblər

Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında Dünya Bankının bu yaxınlarda 2011-2014-cü illərdə Azərbaycan üçün elan etdiyi tərəfdaşlıq strategiyasına dair müzakirələr keçirilib

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının təşəbbüsu ilə Dünya Bankının Azərbaycanla yeni tərəfdaşlıq strategiyasına həsr edilmiş müzakirələr keçirilib.

Tədbirdə Beynəlxalq Valyuta Fondunda Azərbaycan üzrə icraçı direktorun müşaviri Azər Mürsəqulov, Dünya Bankında Azərbaycan üzrə aparıcı baş iqtisadçı Kristos Kostopulos və Özəl sektorun inkişafı məsələləri üzrə aparıcı mütəxəssis Qreqori Yedrjçak məruzə ediblər.

Natiqlər bu yaxınlarda Dünya Bankının 2011-2014-cü illər üçün Azərbaycanla tərəfdaşlıq strategiyasına dair elan etdiyi yeni layihədə əsas istiqamətləri şərh edib, əsas prioritetləri göstərdilər. Onlar qeyd etdilər ki, neft qiymətlərinin artmasına görə Azərbaycanda qlobal iqtisadi böhranın təsirləri müəyyən dərəcədə az hiss edilsə də, ölkədə iqtisadi sahələrin divertifikasiyası və sosial xidmətlərin gücləndirilməsinə ehtiyac qalmaqdadır.

Mütəxəssislər Dünya Bankının yeni strategiyasının Azərbaycan hökumətinin inkişaf prioritetlərinə əsaslandığını və iki əsas sahəni əhatə ediyini bildirdilər. Buraya ilk növbədə, biznes mühitinin yaxşılaşdırılması yolu ilə qeyri-neft sektorunun gücləndirilməsi daxildir. İkinci sahədə əsas diqqət sosial xidmətlərin gücləndirilməsinə yönəlib. Natiqlər iqtisadi sahələrin divertifikasiyası və sosial xidmətlərin effektivliyinə nail olmaq üçün Dünya Bankının tövsiyələrini göstərdilər.

Azər Mürsəqulov Amerikanın səsinə müsahibədə Azərbaycanda qeyri-neft sektorunda da inkişafın müşahidə olunduğunu, lakin bunun neft sektorunda kəskin artıma görə kölgədə qaldığını bildirdi.

Dünya Bankında Azərbaycan üzrə baş iqtisadçı Kristos Kostopulos bildridi ki, qurumla Azərbaycan arasında tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir və bu, öz əksini yeni strateji planda tapır. “Bu strategiya maliyyə resursları ilə yanaşı, həm də Azərbaycanın qarşılaşdığı struktur problemlərinin həlli məqsədilə birgə iş aparmaq üçün bilik və informasiya sahəsində xidmətləri əhatə edir. Strategiyanın əsasında rəqabətə davamlılıq durur."-deyə o bildirib.

Dünya Bankında Özəl sektorun inkişafı məsələləri üzrə aparıcı mütəxəssis Qreqori Yedrjçak yeni strategiyanın 19 sahəni əhatə etdiyini qeyd etdi. O, makroiqtisadi sabitliyin və neft gəlirlərinin davamlılığının təmin olunmasının əhəmiyyətini və Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdiyi rəqabətə davamlı ölkə olmasının vacibliyini vurğuladı.

Dünya Bankının dörd il üçün nəzərdə tutulmuş 1 milyard dollarlıq tərəfdaşlıq strategiyasında korrupsiya ilə mübarizə və ictimai sektorun effektivliyinin təmin olunması vasitəsi kimi idarəçiliyin gücləndirilməsinə xüsusi diqqət ayrılır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG