Accessibility links

USAİD Azərbaycanda ailə planlaşdırılmasına 11 milyon dollar xərcləyib


USAİD Azərbaycanda ailə planlaşdırılmasına 11 milyon dollar xərcləyib
USAİD Azərbaycanda ailə planlaşdırılmasına 11 milyon dollar xərcləyib

Ölkədə hər ailəyə 2,2 uşaq düşür

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi, Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsi çərçivəsində hazırlanmış “Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması” adlı tədris vəsaitinin təqdimatı olub.

Dərs vəsaiti tələbələrin ailə planlaşdırılması mövzusunda, o cümlədən müasir kontraseptiv üsullar, infeksiyanın profilaktikası və gender məsələləri üzrə biliklərini artırmaq məqsədilə tərtib edilib.
Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, yeni dərs vəsaiti ailə planlaşdırılmasının yaxşılaşdırılmasına kömək edəcək. “Azərbaycana gəldiyim iki ayda bu ölkədə sürətli inkişaf gördüm. Sürətli inkişaf həm də sağlam ailə deməkdir. Ailənin sağlamlığı isə reproduktiv sağlamlıqdan keçir”, - deyə o qeyd edib.

Təqdimat mərasimində ölkədə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı işlər aparıldığı diqqətə çatdırılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın dediyinə görə, xüsusilə regionlarda ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı işlər aparılır. “Ölkədə il ərzində bağlanan nikahların 10-11 faizi boşanma ilə nəticələnir. Boşananların 50 faizi isə uşaq olmaması səbəbindən baş verir”.

Xanım Sofiyeva Azərbaycanda demoqrafiya probleminin olmadığını deyib. “Əhalinin təbii artımı normaldır və orta hesabla hər ailəyə 2,2 uşaq düşür. Amma, son illər oğlanların sayı doğulan uşaqların 54 faizini təşkil edir”.

USAİD-in Azərbaycan ofisinin səhiyyə üzrə direktoru Karen Velç “Amerikanın səsi” radiosuna bildirib ki, agentlik son 6 ildə Azərbaycanda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinə 11 milyon dollar xərcləyib. “Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində mühüm irəliləyişlər var. Bu, həm regionlarda, həm də şəhərlərdə hiss edilir. Belə ki, həm şəhərlərdə, həm də regionlarda ailə planlaşdırılması məqsədi ilə istifadə edilən vasitələrə tələbat sürətlə artmaqdadır”,- deyə o vurğulayıb.

XS
SM
MD
LG