Accessibility links

Baxımsız uşaqların problemləri müzakirə edilib


"İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığı" mövzusunda dəyirmi masa

"İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığı" mövzusunda dəyirmi masa

Rəsmilər uşaq problemlərinin həllinin dövlətin əsas prioritetlərindən olduğunu desə də, bu sahədə müxtəlif çoxsaylı problemlərdən də danışılıb

Uşaqların baxımsızlığına şərait yaradan hallar, onların aradan qaldırılması, insan alveri qurbanı olan uşaqlara yardımım təkmilləşdirilməsi, uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə sosial, hüquqi və pedaqoji tədbirlər planının hazırlanması məsələləri iyunun 6-da uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masanın əsas müzakirə mövzularıdır.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), Azərbaycan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli QHT Forumu ilə birgə “İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramın hazırlanmasına beynəlxalq dəstək” mövzusunda keçirdiyi forumda Daxili İşlər, Təhsil, Ədliyyə, Gənclər və İdman nazirliklərinin, icra hakimiyyətlərinin, müxtəlif rəsmi qurumların, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib.

Rəsmilər uşaq problemlərinin həllinin dövlətin əsas prioritetlərindən olduğunu desə də, bu sahədə müxtəlif çoxsaylı problemlərin olduğu da müzakirələrə səbəb olub.

“Hər il dünyada 20 milyon adam insan alverinin qurbanına çevrilir. Onların 1,5 milyonu uşaqlarıdır. Azərbaycanda da uşaq əməyinin istismarı sahəsində ciddi problemlər var. Problemlərin ən tez zamanda həlli profilaktik tədbirlərdən keçir”, BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbər əvəzi Sehran Aktoprak qeyd edib.

Azərbaycan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycanda uşaq hüquqları ilə bağlı təkmil qanunvericilik bazasının olduğunu diqqətə çatdırıb.

“Uşaqlarla bağlı çoxsaylı dövlət proqramları həyata keçirilir”, o bildirib.

Onun sözlərinə görə, eyni zamanda küçə uşaqları ilə bağlı YUNİSEF-lə birgə proqram reallaşdırılır.

2012-ci ildə ölkədə erkən və qeyri-qanuni nigahlardan 4 minədək uşaq doğulub.

Müzakirələrdə dövlət qurumlarının uşaq problemlərinin həllində rolunun daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

“Dövlət orqanlarının uşaqlarının dostudur imici formalaşmalıdır. Evdə uşaqları polislə qorxutmaq düzgün deyil. Polis uşaqların dostuna çevrilməlidir. Bunun üçün münasibətlər sistemi dəyişməli, təbliğat genişləndirilməlidir”, Milli QHT Forumunun icraçı direktoru Günel İbrahim deyib.

Onun fikrincə, Amerikada olduğu kimi Azərbaycanda da restoranlar küçə uşaqları üçün “Ocaq başı” proqramları reallaşdırmalı, uşaqlara pulsuz yemək verilməlidir.

“Ocaq başı” proqramları uşaqların qidalandırılması ilə məhdudlaşmır. Bu proqramlar vasitəsi ilə həm də dövlət orqanları küçədə yaşayan uşaqların statistikasını aparır. Hər hansı restorana bir neçə dəfə gələn uşaqların ailələri, həyat tərzləri ilə dövlət orqanları, QHT-lər maraqlanır və onların problemlərini həll edir”, o deyib.

Müzakirələrdə dövlət orqanlarının təhsildən yayınan şagirdlərin, baxımsız uşaqların problemlərinin həlli, valideyn məsuliyyətinin artırılması ilə bağlı təsiredici birgə proqramlar həyata keçirmədiyi məlum olub.

“Uşaq Hüquqları üzrə Milli Koordinatorun 2012-ci il hesabatına görə, uşaqların baxımsızlığına şərait yaradan səbəblərin aradan qaldırılması üçün sosial, hüquqi, pedaqoji və digər tədbirlər paketi hazırlanmalı idi. Lakin icra orqanları belə tədbirlər paketi hazırlamayıb”, Azərbaycan Miqrasiya Mərkəzinin təmsilçisi Asima Nəsirli qeyd edib.

Çıxışlarda həmçinin uşaq əməyindən istifadə halları, onların tikinti sahələrində işlədilməsi, ölkədə çoxsaylI sənədsiz uşağın olduğu qeyd edilib. Uşaqların sənədsiz qalmasının əsas səbəblərindən biri kimi erkən nigahlar göstərilib.
XS
SM
MD
LG