Accessibility links

Avropa Məhkəməsi jurnalistin şikayəti üzrə kommunikasiyaya başlayıb


Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

Üzeyir Cəfərov 2007-ci ildə ordu haqqında tənqidi məqalə dərc etdirdikdən sonra döyülüb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin keçmiş əməkdaşı Üzeyir Cəfərovun şikayəti üzrə kommunikasiyaya başlayıb. Bu barədə Media Hüququ İnstitutunun proqram üzrə koordinatoru, AİHM-də Ü.Cəfərovun maraqlarını təmsil edən Xalid Ağəliyev bildirib.

Onun sözlərinə görə, Strasburq məhkəməsi qoyulan suala cavab vermək üçün oktyabrın 16-dək Azərbaycana vaxt verib.

Ü.Cəfərov Avropa İnsan hüquqları Konvensiyasının 10-cu (fikrin ifadə olunması azadlığı), 6-cı (ədalətli məhkəmə çəkişməsi) və 2-ci (yaşamaq hüququ) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu bildirib. Ü.Cəfərov ona dəyən fiziki və mənəvi zərərin, məhkəmə xərclərinin ödənilməsini tələb edir.

Ü.Cəfərov orduda nöqsanları və problemləri sərt tənqid etməsi ilə tanınır. 2007-ci ildə ordu haqqında tənqidi məqalə dərc etdirdikdən sonra döyülüb. Belə ki, İnşaatçılar prospektində naməlum şəxslər ona hücum edərək döyüblər.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) üzrə cinayət işi qaldırılıb. Lakin iş sona çatdırılmayıb və heç kim cəzalandırılmayıb. Ü.Cəfərovun polisin fəaliyyətsizliyi ilə bağlı şikayətləri təmin olunmayıb.

Ü.Cəfərov ona hücum edən şəxsi tanıyıb. Ü.Cəfərov ona hücumu təşkil edən şəxslərin cəzalandırılmasına nail olmaq niyyətindədir.
XS
SM
MD
LG