Accessibility links

Vəfa Quluzadə: “Rusiyanın əsgəri müşavirləri Bəşar Əsədə şəhərlərdə partizan müharibəsini yatırmaq qaydalarını öyrədir”


Vəfa Quluzadə
Vəfa Quluzadə

BMT bazar ertəsi Suriyada kimyəvi silahların işlədilməsinə dair geniş hesabat açıqlayıb. Burada göstərilir ki, zəhərli sarin qazı raketlər vasitəsilə atılıb. Raketlərdə kiril əlifbası yazıların olduğu haqda məlumatlar var və Xarici işlər naziri Lavrov buna əhəmiyyət verməyərək, başqa ölkələrdə sovet silahlarının kopiya edildiyini deyib. Sovet İttifaqı Suriyanın kimyəvi silah proqramının baş sponsoru idi. Rusiya Suriya münasibətlərini Xəzər Araşdırmalar Mərkəzinin prezidenti, Yaxın Şərq regionu üzrə ekspert Vəfa Quluzadə müzakirə etmişik.

Dilşad Əliyarlı: Rusiyanın Suriya müdafiəçisi kimi çıxış etməsinin səbəbi bununla əlaqədardırmı? Vəfa bəy, Rusiya Suriya ənənəvi əməkdaşlığı haradan başlayır?

Vəfa Quluzadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:15:04 0:00
Direct link


Rusiya-Suriya əməkdaşlığına ənənəvi əməkdaşlıq demək olmaz. Bu, Sovet İttifaqının Qərbin əleyhinə mübarizə ənənəsidir.
Vəfa Quluzadə: Mən demək istəyərdim ki, müasir ərəb ölkələri tarixinə qayıdaq. 50-ci illərin sonlarında ərəb ölkələrində bir sıra əsgəri çevrilişlər baş verdi. Bu çevrilişlərə inqilablar deyildi onda. Monarxiyalar getdi, Misirdə Cəmal Əbdül Nasir hakimiyyətə gəldi, Liviyada Qəzzafi, Suriyada isə Bəşar Əsədin atası Hafiz Əsəd hakimiyyətə gəldi. Onların hakimiyyəti əsgəri diktatura idi, başqa bir şey deyildi. Sovet İttifaqı onların hakimiyyətə gəlməsindən güclü surətdə istifadə etməyə başladı. Sovet İttifaqı onlarla əlaqələr qurdu və Fələstin probleminin həllinə guya ki çalışdığını bəhanə edərək, onlara dəstək verməyə başladı və Yaxın Şərqi ələ almağa cəhd etdi. Sovet İttifaqının əsas məqsədi Amerika Birləşmiş Ştatları, İngiltərəni və ümumiyyətlə Qərbi Yaxın Şərqdən çıxarmaq idi. Ona görə də bu ölkələrlə ilk növbədə əsgəri əməkdaşlıq başladı, çünki Sovet İttifaqının iqtisadi gücü bir o qədər çox deyildi, amma silah baxımından Misirə, Suriyaya, Liviyaya külli miqdarda silah getdi. Bu ölkələrin bütün silahları Sovet İttifaqının, yəni Rusiyanın silahlarıdır. İndiyə qədər o silahlardan istifadə olunur. Sovet İttifaqı çökəndən sonra Rusiya öz mövqelərini Yaxın Şərqdə itirməyə başladı. Misir açıq-aşkar üzünü Amerikaya döndərdi, İsraillə sülh bağladı. Rusiyadan uzaqlaşmaya başlamasına baxmayaraq, Qəzzafi rejimi də çökdü. Amma Suriya Rusiyanın Yaxın Şərqdə axırıncı və yeganə dayağı kimi qaldı. Ona görə də Bəşad Əsədin ona Hafiz Əsəddən miras qalmış diktatura rejimi Rusiya tərəfindən, vaxtılə Sovet İttifaqı tərəfindən dəstəklənir. Rusiya-Suriya əməkdaşlığına ənənəvi əməkdaşlıq demək olmaz. Bu, Sovet İttifaqının Qərbin əleyhinə mübarizə ənənəsidir. Başqa bir şey deyil. Rusiyanın Suriyada əsgəri bazası var, Rusiyanın donanması Suriyada dayanır. Üstəlik də Rusiyanı bunu gizlətmir, orada müharibə gedə-gedə Bəşar Əsədə külli miqdarda silah göndərir. Bu, açıq-aşkardır. Mən görürəm ki, beynəlxalq arenada çoxlu diplomatik ifadələrdən istifadə olunur, Suriya-Rusiya əməkdaşlığından danışılır, amma məsələ nə ənənəvi əməkdaşlıqda, nə də başqa bir şeydədir. Rusiya Yaxın Şərqdə artıq bir şeyə nail olub. Putin hakimiyyətə gələn kimi Şimali Koreyaya, İrana, Kubaya və Hindistana səfərlər etdi. Çünki Varşava ittifaqı dağılandan sonra Rusiya NATO-nun əleyhinə yeni bir ittifaq yaratmaq istədi. Amma yarada bilmədi, yaranmadı. Amma Yaxın Şərqdə demək olar ki, bu ittifaq yaranıb:Suriya, İran, Hizbullah, Rusiya. Bax bu ittifaq orada var. Bu dəqiqə Bəşar Əsədin dirənişi və soyuqqanlılığı buna əsaslanır. Bəşar Əsəd hesba edir ki, Amerika Birləşmiş Ştatları Rusiya nüvə dövləti olduğuna görə onunla sərt rəftar edə bilməyəcək, buna görə də o, hakimiyyətdə xalqı qıra-qıra qala biləcək. O dəfələrlə, hətta Amerika televiziyasına müsahibə verəndə dedi ki, “siz bilin ki, Yaxın Şərqdə yalnız Suriya oyunçu deyil, burada başqa oyunçular da var”. O burada Rusiyanı və İranı nəzərdə tuturdu. Söhbət bundan gedir. Bəşar Əsəd rejimi demək olar anaxronizmdir. O, soyuq müharibədən, Sovet İttifaqından qalmış yadigardır. Sovet İttifaqı, indi də Rusiya tərəfindən güclü silahlandırılan diktatura qurumudur. Bu diktatura qurumunun əleyhinə orada üsyan oldu. Bu üsyanın səbəbləri də mənə aydındır, çünki mən dəfələrlə Suriyada olmuşam və Suriyanın adi insanlarının bu rejimdən şikayətlərini eşitmişəm.


Dilşad Əliyarlı: Vəfa bəy, Rusiya Suriya prezidenti Bəşar Əl-Əsədi müdafiə etməsinin başlıca səbəbi kimi ona ölkə daxilində güclü dəstəyin olması, çox sayda insanın onu dəstəkləməsi ilə izah edir. Bəşar Əl-Əsədi dəstəkləyənlər kimlərdir və bu dəstək Rusiyanın göstərdiyi səviyyədədirmi?


İraq məsəsində də, Liviya məsələsində də meydanda İran və Rusiya yox idi. Hizbullah da yox idi. Amma indi üç güc Amerikanın orada güc siyasətinə dirəniş göstərəcək.


Vəfa Quluzadə: Mən hesab edirəm ki, Bəşar Əsəd rejiminə dəstək Rusiyanın dediyi kimi dəstək yoxdur, ona görə ki bu ərəb ölkəsində ələvilər azlıq təşkil edir. Ələvilər şiədir, amma Suriyanın bütün əhalisi sünnidir. Bu azlıq təşkil edən qəbilə çoxluq təşkil edən əhaliyə diktatura rejimi sırıyıb. Dəfələrlə Bəşar Əsədin və onun atası Hafiz Əsədin əleyhinə üsyanlar olub. Hafiz Əsəd bu üsyanları qəddarlıqla yatırıb. Böyük qanlar tökülüb. Ən axırıncı üsyan zamanı əhali ordudan, artilleriyadan, təyyarələrdən qorxub çəkinərək, Hələbdə mağaralarda gizlənmişdi. Ondan Hafiz Əsəd mağaraların qarşına artilleriyanı gətirdi və yaylım atəşləri ilə orada gizlənən təxminən 30 min adamın hamısını bir dəfəyə qırdı. Yəni bu belə bir qanlı rejimdir. Demək istəyirəm ki, Stalin rejimi qədər qəddar bir rejimdir. Əhali onlardan qorxur. Mən Suriyada olanda əhali mənə deyirdi ki, “biz bərkdən danışmağa qorxuruq, müzakirə etməyə qorxuruq, divarların da qulağı var”. Mənim Stalin dövrü yadıma düşdü. Biz də qorxurduq danışmağa, bizə də deyirdilər ki, “divarların da qulağı var.” Əsədin rejimi budur. Ona dəstək yoxdur. Əhalinin bir hissəsi, əsasən Dəməşqdə yaşayan hissəsi rejimdən qorxur. Üstəlik də rejimin ətrafında olan o qəbilə, bəli onlar Bəşar Əsəd sadiq ola bilərlər. Amma Suriyanın bütün əhalisi haqda danışmaq düzgün deyil. Bir şeyi də demək istəyirəm ki, Əsəd orada xalqı özbaşına qırmır, ona orada Hizbullah kömək edir, Şeyx Nəsrulla açıq-aşkar bəyan etmişdi ki, Hizbullah orada döyüşür. İrandan ora dəstək gəlir, həm əsgəri, həm də döyüşçülər gəlir. Üstəlik Rusiyanın orada əsgəri müşavirləri oturub. Əsgəri müşavirlər Bəşar Əsədə şəhərlərdə partizan müharibəsini yatırmaq qaydalarını öyrədir. Çünki Rusiya Əfqanıstanda belə müharibə aparıb, bilir bu nədir, Çeçenistanda belə müharibə aparıb və aparır. Dağıstanda, Çeçenistanda, İnquşetiyada bu müharibə dayanmır, bu terror müharibəsi gedir. Ona görə də Bəşar Əsədin görün neçə yerdən dəstəyi var, bu barədə isə heç kəs danışmır. Görünür, diplomatik qaydalara görə Rusiyanın xətrinə dəymək istəmirlər və həqiqətləri demək istəmirlər.

Dilşad Əliyarlı: ABŞ-ın Suriyaya mümkün hücumunun əsas məqsədlərindən birinin İranın zəiflədilməsi olduğu ilə bağlı fikir mövcuddur. Hazırda Suriya probleminin diplomatik həlli yollarının axtarılması İran üçün nə deməkdir?

Vəfa Quluzadə: Sözsüz ki İran vaxt qazanır, nüvə proqramını inkişaf etdirir. Bütün bu müddət, görün neçə ildir Qərbin, NATO-nun, ya da Amerikanın İrana zərbə vurması söhbəti gedir, amma bu, baş tutmur. İndi İran tam rahatdır ki, Amerika Birləşmiş Ştatları bunu etməyəcək. Onlar bundan istifadə edirlər. Diplomatik yollarla vaxt udurlar, Obama da bu oyuna gedir. Obama İranla nüvə proqramına dair danışıqları aparmaq haqda razılığa gəlmək istəyir. Suriyanın aradan çıxması İranın mövqelərinə böyük zərbə olardı. Burada silsilə var. Bu silsilə böyük bir ərazini əhatə edir- İran, Suriya, Livan. Livanın cənubunda Huzbullah demək olar Livana tam nəzarət edir. Yaxın Şərqdə vəziyyət olduqca gərgindir. Mən Obamanı başa düşürəm. Amerika neçə müharibədən çıxıb, görünür, Amerikanın prezidenti yeni müharibə aparmaqdan çəkinir və məsələni diplomatik yollarla həll etmək istəyir. Amma diplomatik yollarla bu məsələni həll etmək mümkün olacaqmı? Həqiqədən də bu, çox təhlükəli məsələdir. Çünki İraq məsəsində də, Liviya məsələsində də meydanda İran və Rusiya yox idi. Hizbullah da yox idi. Amma indi üç güc Amerikanın orada güc siyasətinə dirəniş göstərəcək. Birincisi diplomatik yollar dirəniş göstəriblər, iki dəfə Təhlükəsizlik Şurasının qərarlarına veto qoyublar. İndi də veto qoyacaqlar əgər Təhlükəsizlik Şurası bir addım atsa. Əgər Amerika Suriyaya zərbə vursa, Bəşar Əsədə yardımlar gedəcək, üç tərəfdən, həm Rusiyadan, həm Hizbullahdan, həm də İrandan. Mən Obamanı başa düşürəm. Qərar sahibi oldur, baxsın vəziyyətə. Əgər vəziyyət uzansa, İran da güclənəcək, Suriya da güclənəcək, Hizbullah da güclənəcək. Hizbullah çox güclüdür. İsraillə münaqişə göstərdi ki, Hizbullah nə qədər güclüdür. İsrailə o vaxt güclü dirəniş göstərdi. Vəziyyət olduqca gərgindir. Regiondan müharibə qoxusu gəlir. Ona görə də Obama məsələni diplomatik yolla həll etmək istəyir. Əgər mümkündürsə, bu, çox gözəl olardı, amma mənə elə gəlir ki, bu, mümkün olmayacaq.

Dilşad Əliyarlı: Suriya probleminin əks-sədası Yaxın Şərqə yaxın regionları üçün nə deməkdir. Buna münasibətinizi bilmək maraqlı olardı.



Məsələ yalnız Bəşar Əsədin kimyəvi silah işlədib-işlətməməsində deyil. Məsələ bu dəqiqə bu regionda Rusiyanın və İranın mövqelərini möhkəmlətməsindədir.
Vəfa Quluzadə: Mən dünyada baş verən bütün hadisələri Amerika ilə əlaqələndirirəm. Amerika axırıncı müharibə zamanı Corc Buş dövründə iqtisadiyyat zəiflədi. Amerika böhran vəziyyətinə düşdü, iqtisadi islahatlar keçirilməmişdi. Ona görə Obama hakimiyyətə gələndə bütün gücü Amerikanın dirçəltməsinə yönəltdi: işsizliyi azaltmaq, Amerika bazarlarını inkişaf etdirmək, tibbi problemləri həll etmək. Çox məsələləri Obama həll etdi. Amerika indi çiçəklənən vəziyyətdədir. Müharibələr olan zaman Amerika böyük böhranda idi. İndi Obama tərəddüd edir: yeni müharibəyə başlasa, bu, yeni böhrana təkan verməzmi? Amma eyni zamanda, əgər Amerikanın maraqlarının əleyhinə orada güclü bir ittifaq yaransa, bunun əks –sədası daha da gərgin olar. Putin siyasətini aqressivləşdirib. Gömrük ittifaqına güclə Ermənistanı saldı. Ukrayanaya təzyiqlər edir, iqtisadi, siyasi, ticari təzyiqlər. Ukraynanın mallarını almır, qaz məsələsində əngəllər törədir ki, Ukrayna gömrük ititfaqına daxil olsun. Gömrük ittifaqına daxil olmaq üçün Azərbaycana da təzyiqlər olub. Putin Azərbaycana gələndə bilmirəm, bəlkə də gömrük məsələsi danışılıb seçkilərdən sonra həyata keçiriləcək. Ondan Avropa-Asiya ittifaqını yaradır. Bu ittifaqların hamısını Putin NATO-nun əleyhinə bir qruplaşma olaraq yaratmaq istəyir. Keçmiş sovet ölkələrini, ərəb ölkələrini cəlb etmək istəyir. Bu siyasətlər mütəxəssislərin gözünün qabağındadır. Putin Cənubi Qafqazda aqressivləşib, Mərkəzi Asiyada aqressivləşir. Gömrük ittifaqı yaransa, yenidən demək olar ki, Sovet İttifaqı bərpa olunur. Bu da Amerikanın Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda maraqlarına böyük zərbə olacaq. Burada bir çox mürəkkəb məsələlər bir-birinə bağlıdır. Bu məsələləri də həll etmək lazımdır. Onlara göz yumub sonraya qoymaq vəziyyəti daha da gərginləşdirəcək. Amerika Cənubi Qafqaza öz diqqətini və yardımı artırmalıdır. Amerika bu regionu yenidən Rusiyanın sərəncamına verməməlidir. Rusiyanın sərəncamına versə, bu, Amerikanın maraqlarına zərbə olacaq. Azərbaycanı götürün. Nə qədər böyük yol keçmişik. Neft kontraktlarını imzalamışıq, Bakı-Tbilisi-Ceyhanı tikmişik. Azərbaycan Gürcüstan və Türkiyənin üzərindən bütün Mərkəzi Asiyanın mallarını Avropaya daşıya bilər. Böyük koridorlar yaranıb: İpək Yolu koridoru və s. Bunların hamısını Rusiyanın maraqlarına təhvil vermək və yoxa çıxarmaq, bu qədər zəhməti heç eləmək? Barak Obama bunu başa düşürmü? Bütün xəritə belədir. Məsələ yalnız Bəşar Əsədin kimyəvi silah işlədib-işlətməməsində deyil. Məsələ bu dəqiqə bu regionda Rusiyanın və İranın mövqelərini möhkəmlətməsindədir. Razısınızmı bununla, hörmətli Barak Obama?
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG