Accessibility links

Deputat 2011-ci il dövlət büdcəsinin əmək haqqı fondundan 120 mln. manatın istifadə olunmadığını qeyd edib.

Azərbaycanda təhsil, tibb, sosial təminat, dövlət büdcəsindən maliyyələşən icra strukturlarının işçilərinin əmək haqlarının artırılmasına böyük ehtiyac var. Ümumilikdə isə əmək haqqı sisteminə yenidən baxılmalı və pensiyalar artırılmalıdır. Bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Onun fikrincə, korrupsiyanın səviyyəsinin azaldılması üçün iki mühüm məqam var: sosial rifahın və şəffaflığın artırılması.
“Baxmayaraq ki. 2011-ci ildə ölkə prezidenti büdcə işçilərinin əmək haqlarını 10% artırıb, bununla belə, əmək haqları aşağı olaraq qalmaqdadır”, - deyə o bildirib.
Cənab Əhmədov əmək haqlarını qaldırmağa imkan verməyən bəzi obyektiv səbəblər olduğunu etiraf edib. Məsələn, “Eurovision”un keçirilməsi üçün əlavə vəsait ayrılması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, dondurulmuş sovet əmanətlərinin verilməsi, inflyasiyanın qarşısının alınması və s. Lakin bütün bunlar yaranmış vəziyyətə bəraət vermir.
Deputat misal kimi 2011-ci il dövlət büdcəsinin əmək haqqı fondundan 120 mln. manatın istifadə olunmadığını qeyd edib. Onun fikrincə, əmək haqqının artırılması dövlət idarəçiliyinin aşağı və orta səviyyələrində korrupsiyanın səviyyəsinin azaldılmasına gətirib çıxaracaq. “Əmək haqqının aşağı səviyyədə olması məktəblərdə, tibb müəssisələrində insanları sui-istifadələrə sövq edir. Mən əvvəllər sosial yardıma qarşı idim - insanları asılılığa öyrəşdirmək olmaz. Bunun yerinə insanlar işlə təmin edilməlidir. Cəmiyyətdə sosial bərabərsizlik, müəyyən dairə insanların hədsiz varlanması da mənfi təsir göstərir”.
”Korrupsiya təkcə aşağı səviyyədə deyil, yüksək səviyyədə də var, amma demək olmaz ki, korrupsiyaya qarşı mübarizə sahəsində heç nə edilmir”, -deputat qeyd edib.
Əvvəllər Azərbaycan büdcəsi 300 mln. dollar təşkil edirdisə və korrupsiyanı nə cürsə başa düşmək olurdusa, diqqət çəkmirdisə, bu gün büdcə 20 mlrd. dollara çatır və idarələrə böyük vəsaitlər ayrılır. Korrupsiya isə daha da çoxalıb, xüsusən tenderlərin keçirilməsi zamanı. “Hesablama Palatası audit həyata keçirir və ildə bir dəfə parlamentə məlumat verir. Lakin hesab edirəm ki, bununla qane olmaq olmaz”.
Onun sözlərinə görə, tenderlərin keçirilməsi zamanı korrupsiya elementləri daha çoxdur. Burada şəffaflıq səviyyəsi çox aşağıdır. Son illər mənfi təmayül nəzərə çarpır - nazirliklərin nəzdində şirkətlər və banklar yaradılır, onlar vasitəsilə əməliyyatlar həyata keçirilir. Bəzi faktları Hesablama Palatası da qaldırıb, lakin onun əməkdaşları müəyyən çərçivələr daxilində işləyir.
Cənab Əhmədov bildirib ki, hazırda parlamentdə Şəhərsalma və İnşaat Məcəlləsi müzakirə olunur. Məcəlləyə proqressiv müddəalar da daxildir və o, parlamentin payız sessiyasında qəbul oluna bilər. Amma deputat korrupsiyaya qarşı mübarizənin əsas və səmərəli vasitəsi olaraq şəffaflığı qeyd edib.

Azərbaycanın Neft Fondu ilə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulması nəticəsində müsbət təcrübə əldə olunub. Bu prosesdə əsas rol QHT-lərin üzərinə düşməlidir. Onlar dövlət vəsaitlərinin xərclənməsinə ictimai nəzarəti həyata keçirə bilərlər.

XS
SM
MD
LG