Accessibility links

Millət vəkili Vahid Əhmədov manatın dollara nisbətdə ucuzlaşmasından sonra yaranan vəziyyətin insanlara təsiri barədə danışarkən deyib ki, manatın ucuzlaşması ilə əlaqədar Mərkəzi Bankın yeni məzənnə siyasəti, manatın devalvasiyası ümumiyyətlə labüd idi.

“Çünki MDB məkanında olan bütün dövlətlərdə valyuta dəyərdən düşmüşdü.Yeganə Azərbaycan dövləti idi ki, öz milli valyutasını qoruyub saxlayırdı.Amma son vaxtlar dünyada baş verən hadisələr, Rusiyaya qarşı sanksiyalar, Ukrayna ətrafında gedən siyasi hadisələr Azərbaycanda manatın devalvasiyasını labüd etdi. Biz manatın devalvasiyasını başqa cür gözləyirdik. Yumşaq devalvasiya gözləyirdik ki, bu, ilin axırında 87-90 qəpik səviyyəsinə 1 dolların çatdırılması idi. Amma Mərkəzi Bank və Azərbaycan hökuməti manatın 1.05 səviyyəsində ucuzlaşdırılması qərarı verdi. Bunun fəsadları qiymət artımı ilə əlaqədar olacaq. Bir var subyektiv, bir də var obyektiv qiymət artımı. Azərbaycana idxal olunan məhsulların qiyməti artacaq. Azərbaycanda istehsal olunan məhsulların süni qiymət artımının qarşısı alınmalıdır.İkinci ən ciddi məsələ əhalinin depozitləri və əmanətləri ilə əlaqədardır. Manatla olan depozitlərin ucuzlaşma problemi var. Üçüncü məsələ sahibkarların dollarla aldığı kreditlərdir. Dolların bahalaşması ilə əlaqədar bu kreditlər də artmış olur.”

Millət vəkili qiymətlərin kəskin şəkildə bahalanmasına qarşı ölçülər götürülməsinin vacibliyi vurğulayıb.

“Məni ən çox narahat edən ərzaq məhsulları və dərman vasitələrinin qiymətinin artmasıdır. Bunun üçün ciddi nəzarət mexanizmi həyata keçirilməlidir. Çünki dərman da ərzaq qədər əhali üçün əhəmiyyət kəsb edir. İnhisarçılığa baxmayaraq bu sahədə qiymətlər aşağı saxlanılmalıdır. Idxal olunan mallarda qiymət artımı 12-13 faiz olmalıdır. Amma vəziyyətdən istifadə edib məharətlə qiymətləri artıranlar da var. Bunun üçün İqtisadi İnkişaf Nazirliyinin anti-inhisar komitəsi rayonlar və şəhərlərdə süni qiymət artımına yol verməməlidir.”

Əhaliyə dəyən zərərin ödənməsinə gəlincə isə Vahid Əhmədov deyib ki, əhalinin əmanətlərinin indeksasiya məsələsinə baxılmalıdır.

Manatın devalvasiyasının əhalinin manata olan etibarını azaldacağını qeyd edən Vahid Əhmədov valyutanın dəyərdən düşməsinin insanlara mənfi təsir göstərdiyini deyib.

“Çox vaxtlar insanlar əmanətlərini milli valyutada saxlamır, başqa dönərli valyutaya çevirirlər.”

Azərbaycanda məhsulların daxili istehsalının müəyyən tələbatı qarşılayacağını bildirən millət vəkili idxal olunan məhsullarda qiymət artımının müşahidə ediləcəyini deyib.

Vahid Əhmədov ailələrin sosial təminatının müdafiəsi üçün müəyyən tədbirlərə ehtiyac olduğunu vurğulayıb.

XS
SM
MD
LG