Accessibility links

Vahid Qarabağlı: İnsan haqları fəaliyyəti sadəcə məhbusları müdafiə etmək deyil [Audio]


Vahid Qarabağlı

Vahid Qarabağlı

“Güney Azərbaycan hərəkatında insan haqlarının tərifi düzgün deyil,” deyə Vahid Qarabağlı güneydə insan haqları qavramının həddindən artıq siyasiləşdiyini ifadə edir. Amerikanın Səsinə müsahibədə insan haqları fəaliyyətləri ilə əlaqəli çatışmazlıqları şərh edən jurnalist və hüquq müdafiəçisi hərəkatın bu sahədə diskursiv bir problem yaşadığını vurğulayır.

Qarabağlı İran Azərbaycanında basqı və ayrı-seçkiliyə məruz qalan fərqli qruplar və cəmiyyətlər, eləcə də insan haqlarının pozulduğu müxtəlif sahələrə işarə edərək, bu sahələrin eyni zamanda bir-biri ilə əlaqədar olduğunu qeyd edir.

Hüquqların pozulduğu bütün sahələrin diqqətə alınması və insan haqları söyləminin güclənməsi nəticəsində, siyasi məhbusların müdafiə edilməsi üçün də daha uyğun bir zəmin yaradılacaqdır. Amma, insan haqları fəaliyyəti sadəcə siyasi məhbusları müdafiə etməkdən ibarət olmamalıdır.

“İnsan haqları çox geniş və bir-birinə bağlı şeylərdir. Siyasi, mədəni, ictimai, kültürəl və iqtisadi hüquqlar hamısı birlikdə önəmlidir. Bunların heç biri başqaları olmadan anlam tapa bilməz. İnsan haqları sadəcə bizim qəbul etdiyimiz insan növü deyil, bütün insanlar üçündür,” deyə o, İran Azərbaycanında yaşayan bütün icmalara diqqət ayırmağın vacibliyini önə çəkir.

Güneyli jurnalistin dediyinə görə, “Güney Azərbaycan Hərəkatının gündəmə gətirdiyi əsas məsələ etnik ayrı-seçkilik, o cümlədən, türk dilində təhsil və medianın olmamasıdır. Ancaq hərəkat bunu bir insan haqları sorunu kimi ortaya qoyub və insan haqları söyləmi içində yerləşdirə bilməmişdir.”

Vahid Qarabağlının fikrincə, güneydə insan haqları anlayışı tam yerləşmədiyi üçün bir çox sahələr o cümlədən, qadın haqları, uşaq haqları, edam məsələsi, dini azlıqlar, işçilər və cinsi azlıqların problemləri gözardı edilməkdədir.

Kanadada mühacirətdə yaşayan hüquq müdafiəçisi Azərbaycan toplumunda insan haqlarının pozulduğu bütün sahələrin diqqətə alınmadığı təqdirdə dil hüquqları və türklərə qarşı tətbiq edilən etnik ayrı-seçkilik məsələsinin də düzgün şəkildə anladılmasının mümkün olmayacağını vurğulayır.

Güney Azərbaycan Hərəkatının gündəmə gətirdiyi ana məsələ etnik ayrı-seçkilik o cümlədən, türk dilində təhsil və medianın olmamasıdır. Ancaq, hərəkat bunu tam olaraq bir insan haqları sorunu olaraq ortaya qoyub və insan haqları söyləmi içində yerləşdirə bilməmişdir.

“Etnik ayrı-seçkiliyi olduğu kimi anlatmaq istəyiriksə, erkən yaşda evləndirilən uşaqlar, yoxsulluq, edam və bu kimi problemlərin ana dilində təhsilin olmaması ilə əlaqəsindən danışmalıyıq,” deyə Qarabağlı dilə gətirir.

Onun sözlərinə görə, Azərbaycan toplumunda yaşayan bütün cəmiyyətlərin məruz qaldığı zülm və ayrıseçkiliyin gündəmə gətirilməsi hərəkatda insan haqları məfhumunun yerini tapmasına zəmin yaradacaq.

“Mütərəqqi bir hərəkat insan haqları söyləmini içləşdirərək həm xalq və toplumla əlaqəsini genişləndirər, həm də xalqının problemlərini düzgün üslubla beynəlxalq qurumlara anlatmağın yolunu tapar. Beynəlxalq ictimaiyyətdə uğurlu olmaq üçün şəffaf olmaq gərəkir,” deyə Vahid Qarabağlı söyləyir.

Qarabağlının sözlərinə görə, “hüquqların pozulduğu bütün sahələrin diqqətə alınması və insan haqları söyləminin güclənməsi nəticəsində, siyasi məhbusların müdafiə edilməsi üçün də daha uyğun bir zəmin yaradılacaqdır. Amma insan haqları fəaliyyəti sadəcə siyasi məhbusları müdafiə etməkdən ibarət olmamalıdır.”

Bir çox güneyli fəalın fikrincə, güneydə insan haqlarının pozulma hallarının işıqlandırılması ilə bağlı əsas problemlər güneyli fəallardan asılı olmayaraq beynəlxalq maneələrlə əlaqəlidir.

Vahid Qarabağlı isə deyir ki, “güneylilərdən asılı olmayan bir çox sorunlar və əngəllər mövcuddur. Ancaq türk fəallar çalışmasalar o əngəllər və maneələri müəyyənləşdirmək də mümkün olmayacaqdır.”

XS
SM
MD
LG