Accessibility links

Vaşinqton Post:"Xüsusi maraqlar milli maraqlara mane olanda"

  • Azerbaijani Service

Vaşinqton Post:"Xüsusi maraqlar milli maraqlara mane olanda"

Vaşinqton Post:"Xüsusi maraqlar milli maraqlara mane olanda"

Vaşinqton Post qəzetində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın nominasiyası ilə bağlı məqalə dərc edilib.

Qəzetin yazarı Fred Hayat qeyd edir ki, Metyu Brayzanın nominasiyası ətrafında yaranmış vəziyyət ABŞ-ın milli maraqlarının kiçik qrupun xüsusi maraqlarının qurbanı olduğuna misal göstərilə bilər.

Məqalə müəllifi prezident Obamanın 2010-cu ildə ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini irəli sürdüyü Brayzanın nominasiyasının erməni seçicilərin sayının çox olduğu ştatları təmsil edən senatorlar Barbara Bokser və Robert Menendes tərəfindən blok edildiyini yazır. O qeyd edir ki, senator Menendes Brayzanın ermənilərin iddia etdiyi soyqırımın ABŞ tərəfindən tanınmasına etirazını, senator Bokserin isə Amerika diplomatının Azərbaycanın təcavüzü əleyhinə açıq danışmadığını və həyat yoldaşının türk olmasının onun mövqeyinə təsir göstərə biləcəyini səbəb kimi göstərib.

Lakin demokrat senatorlardan heç biri məqalə müəllifinin sözlərinə görə, səfirin işinə diqqət verməyərək, onun nominasiyasına etirazı davam etdiriblər. Bokser və Menendesin səfir Brayza ilə bağlı şübhələrini çox adamın bölüşmədiyini deyən Fred Hayat ABŞ-ın 36 keçmiş xarici siyasət məsələləri üzrə eksperi, dövlət katibinin müavinləri və diplomatlarının Brayzanın namizədliyini dəstəkləmək məqsədilə yazdığı məktuba diqqəti çəkir.

Məqalə müəllifi yazır ki, Brayzanın insan hüquqlarını pozan Azərbaycan hakimiyyəti ilə yumşaq davrandığı iddia edildiyi halda, ona dəstək məktubunda ABŞ-ın Demokratiya İnkişaf Fondu, Freedom House, Milli Demokratiya institutu və Beynəlxalq Respublikaçılar institutunun liderlərinin adlarını görmək mümkün olmazdı, lakin onların hamısı dəstək məktubunu imzalayıb.

Fred Hayat Brayzanın səfir kimi Azərbaycan hakimiyyəti və vətəndaş cəmiyyəti arasında dialoq, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh işinə dəstək verdiyini qeyd edir. Məqaləni bitərən müəllif yazır ki, sonda uduzan amerikalılar və azərbaycanlılar deyil, yoxsul, təcrid edilmiş və bir daha böyük oyunun qurbanları olan ermənilər olacaq.

Xatırladırıq ki, ABŞ prezidenti Barak Obama Konqres tətildə olduğu zaman ona dövlət başçısı kimi verilmiş xüsusi səlahiyyətlərdən istifadə edərək, 2010-cu ildə dekabrın 29-da Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin etmişdi. Prezidentin sərəncamı bir il müddətinə qüvvədə qalır.


Prezident Obama Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nominasiyasını 2010-cu ildə mayın 25-də irəli sürmüşdü.

Amerikada Erməni Milli Komitəsi yaydığı press-relizdə cənab Brayzanın nominasiyasına etiraz edərək, onu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyinin Azərbaycanın xeyrinə olmaqda, habelə ermənilərin iddia etdiyi soyqırım məsələsinə qeyri-obyektiv münasibət göstərməkdə ittiham etmişdir.

Metyu Brayza Konrqesdə keçirilən dinləmələr zamanı bu iddiaların əsassız olduğunu bildirmişdir.

XS
SM
MD
LG