Accessibility links

Vaşinqtonda ABŞ-ın Xəzər hövzəsi ölkələri ilə münasibətlərinə dair konfrans keçirildi

  • Əsgər Möhsümoğlu

Martın 27-də Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Xəzər Hövzəsində Firavanlığın Perspektivləri: ABŞ-la 20 İllik Diplomatik Münasibətlər” başlıqlı konfrans keçirildi. Konfransa dəvət olunmuş sabiq ABŞ rəsmiləri, ekspertlər, Azərbaycan və Gürcüstan səfirliklərinin nümayəndələri ötən illərdə əldə olunan nailiyyətlər və üzləşilən sınaqlar haqda düşüncələrini paylaşdılar. Tədbirin əsas natiqi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəsinin Qərblə inteqrasiyasından, enerji siyasətinin bəhrələrindən və geosiyasi problemlərdən söz açdı.

Tədbiri giriş sözü ilə açan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri regionda ağlasığmaz dəyişikliklərin baş verdiyini söylədi. 1990-cı illərin əvvəllərini xatırlayan Vilson həmin vaxtda, sabiq Sovet məkanının nəhəng iqtisadi problemlərlə və interetnik konfliktlərlə üzləşdiyini bildirdi. Onun sözlərinə görə Sovet kommunizminin çoküşü nəticəsində yaranmış boşluq ABŞ-ı regionda ciddi yardım səylərinə başlamağa vadar etdi. Bu xüsusda o, regiona daşınan ərzaq yardımını və Azdlığa Dəstək Aktının Konqresdə qəbulunu qeyd etdi. Cənab Vilson əlavə etdi ki, Sovet İttifaqının yürütdüyü təcrid siyasəti Xəzər hövzəsindəki millətləri faktiki dünyadan bixəbər hala salmışdı. O vaxtdan bəri regionla ABŞ arasında siyasi və biznes əlaqələrinin geniş inkişaf etdiyini vurğulayan sabiq səfir region ölkələrinin varlanmasına və güclənməsinə diqqət çəkdi. Eyni zamanda Ross Vilson demokratik prinsiplərin idarəçiliyə tətbiq olunmadığı və daxil olan gəlirlərin vətəndaşlar arasında ədalətli qaydada bölünmədiyi təqdirdə əldə olunan nailiyyətlərin dayanıqlı ola bilməyəcəyinə dair xəbərdarlıq etdi.

Konfrasnın birinci hissəsində natiqlər 20 illik diplomatik münasibətlərə nəzər saldılar. Yaxın Şərq İnstitutunun alimi Aleks Vatanka İrann Azərbaycanda yürütdüyü siyasəti təhlil etdi. O, bildirdi ki, İranın Azərbaycanla oxşar mədəni irsə malik olmasına baxmayaraq, son 20 ildə İslam Respublikasının Azərbaycanda nüfuzunu yaymaq cəhdləri büsbütün iflasa uğrayıb. Vatanka baş verənləri Tehranın Xəzər hövzəsindəki siyasəti Rusiyanın öhdəsinə buraxmaqla izah etdi. Onun sözlərinə görə İran rəhbərliyi güman edirdi ki, Rusiya Azərbaycan və başqa Xəzər dövlətləri ilə münasibətlərdə İranın maraqlarını nəzərə alacaq, amma həqiqətdə bu, baş vermədi.

Ceymstaun Fondunun direktoru Qlen Hovard təhlükəsizlik məsələlərinə diqqət yetirdi. O, qeyd etdi ki, 2001-ci il 11 sentyabr terror hücumlarının ardınca Azərbaycan ABŞ-la qlobal anti-terror səylərində sıx əməkdaşlığa daxil oldu. NATO-nun Sülh Uğrunda Tərəfdaşlıq və başqa birgə hərbi manevrlər münasibətlərin inkişafına stimul verdi. Bununla belə regionda mövcud olan donmuş konfliktlər gələcək üçün ciddi hədələr törədir. Hovard bu xüsusda Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsinə diqqət çəkdi, və ABŞ-ı regionun təhlükəsizliyində daha fəal rol oynamağa çağırdı.

Azərbaycan səfirliyinin iqtisadi müşaviri Nərgiz Qurbanova Azərbaycanın Sovet İttifaqı dağıldıqdan sonra meydana çıxan sınaqlardan üzüağ çıxdığını və çətin qonşuluqda müstəqilliyini qoruyub saxladığını dedi. Azərbaycanın enerji siyasətini şərh edən Qurbanova bu siyasətin üç başlıca prinsip üzərində qərar tutduğunu söylədi – diversifikasiya, kommersial əlverişlilik və etibarlılıq. İqtisadçının sözlərinə görə Azərbaycan ilk günlərdən enerji nəqliyyat vasitələrinin müxtəlif yollarla beynəlxalq bazara çıxarılmasını təmin etdi. İstənilən iqtisadi layihə ilk növbədə onun kommersial baxımdan gəılirli olub-olmaması meyarı ilə ölçüldü. Nəhayət, Azərbaycan beynəlxalq tərəfdaşları ilə bağladığı bütün müqavilələrin şərtlərinə riayət etdi və etməkdə davam edir.

Nahardan sonra konfrasnın başlıca nitqini Azərbaycann ABŞ-dakı səfiri Elin Süleymanov söylədi. O, çıxışına ABŞ-Azərbaycan münasibətlərindəki xatirələri paylaşmaqla başladı. Cənab Süleymanovun sözlərinə görə o, 1992-ci ildə ABŞ-da təhsil almaq üçün visa almağa gedəndə ABŞ-ın Azərbaycanda səfiri yox idi, çünki hələ o vaxt ABŞ Azərbaycanda dilomatik təmsilçiliyini yenicə qururdu. Amma həmin vaxtdan 20 il keçmiş bu gün də ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Cənab Süleymanov bu faktın Azərbaycan-ABŞ münasibətləri üçün müsbət hal olmadığını və münasibətlərin hərtərəfli inkişafına əngəl törətdiyini qeyd etdi.

Elin Süleymanov bildirdi ki, Azərbaycanın ABŞ-la münasibətləri uzun dönəmli maraqlara əsaslanmalıdır. İstər Bill Klinton, istər Corc Buş, istərsə də Barak Obama administrasiyaları dönəmlərində Azərbaycanla bağlı sabit siyasət yürüdülməsinin vacibliyini vurğulayan səfir həyata keçirilən layihələrin qısa zaman kəsiyini, seçkidən seçkiyədək olan müəyyən periodu əhatə etmədiyini vurğuladı. Buna nümunə olaraq cənab Süleymanov Bakı-Ceyhan-Tiflis boru kəmərinin inşasını göstərdi. Onun sözlərinə görə bu layihə haqda müqavilə 1990-cı illərin əvvəllərində imzalanmışdı, amma hazırda işlək müştərək layihə olaraq BTC həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyənin iqtisadi rifahına xidmət edir. Səfir qeyd etdi ki, bu layihələrin həyata keçməsində ABŞ əlahiddə rol oynamışdı və o, bu rolu oynamaqda davam etməlidir. Belə ki, ABŞ-ın iştirakı bu növ regional layihələrin həyata keçməsi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Elin Süleymanov 2006-cı ildən bəri Azərbaycanın ümumdaxili məhslunun üç dəfə çoxaldığını bildirdi. O, əlavə etdi ki, Azərbaycan hazırda Gürcüstanda ən böyük investordur və yaxın zamanlarda Türkiyədə ən çox investisiya qoyan ölkəyə çevriləcək. Azərbaycanın əldə etdiyi iqtisadi uğurları önə çəkən cənab Süleymanov ölkəsinin üzləşdiyi problemlərə də diqqət yetirdi. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu qeyd edən Elin Süleymanov bu yönümdə ATƏT Minsk Qrupunun beynəlxalq vasitəçilərini fəallıq nümayiş etdirməyə səslədi. Onun sözlərinə görə bu münaqişənin həlli Xəzər hövzəsində yerləşən bütün ölkələrin inkişafı üçün geniş imkanlar yaradardı.

XS
SM
MD
LG