Accessibility links

Samir Şərifov bildirib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və “907-ci düzəliş”in qüvvədə qalması münasibətlərə adekvat deyil.

Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası açılıb.

Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovun ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilir.
Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, amerikalı həmsədr Robert Hormats ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.
Cənab Hormats bildirib ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə edib ki, bu da çox təqdirəlayiqdir.

Mətbuat xidməti qeyd edir ki, amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz prezident İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu vurğulayıb. Bu göstəricilər Dünya Bankının 2011-ci il üzrə hesabatlarında öz əksini tapıb və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirilib: “ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır”.
Robert Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayaraq, bunun üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibliyini önə çəkib.
Azərbaycan tərəfindən komissiyanın həmsədri Samir Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib. Azərbaycanla Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Şərifov bildirib ki, prezident Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ABŞ və Azərbaycan arasındakı hazırki əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağı tapşırıb.
ABŞ tərəfindən 1992-ci ilin oktyabrında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa “907-ci düzəliş”in hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən cənab Şərifov bildirib ki, artıq 907-ci düzəlişin ləğv edilməsinin vaxtı çatıb: “Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və “907-ci düzəliş”in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil ".
Azərbaycan tərəfindən həmsədr həmçinin qeyd edib ki, ABŞ strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycana qarşı diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələblərini də aradan qaldırmalıdır. Bu düzəlişin bir sıra ölkələrə şamil olunub, digərlərinə şamil olunmamasının müəyyən suallar doğurduğunu vurğulayan cənab Şərifov deyib ki, Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və nəhayət bu düzəlişin ləğv edilməsinə nail olunmalıdır.
Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutduğunu və əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirib.

XS
SM
MD
LG