Accessibility links

Vaşinqtonda Azərbaycanın ötən 20 ili müzakirə olundu

  • Əsgər Möhsümoğlu

Vaşinqtonda Azərbaycanın ötən 20 ili müzakirə olundu

Vaşinqtonda Azərbaycanın ötən 20 ili müzakirə olundu

Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun təşəbbüsü ilə noybarın 28-i və 29-da “Cənubi Qafqaz: Müstəqilliyin 20 İli” başlıqlı konfrans keçirilir. İki günlük tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstandan gəlmiş ekspertlər, o cümlədən regionu izləyən Qərbli müşahidəçilər Cənubi Qafqaz ölkələrinin 1991-ci ildən bəri keçdikləri yola nəzər salırlar. Konfransın bazar ertəsi sessiyasında Azərbaycana dair forumun natiqləri Bakılı jurnalist Şahin Abbasov, Milli və Beynəlxalq Arşdırmalar Mərkəzinin sədri Leyla Əliyeva, təhlilçi Təbib Hüseynov və Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Elnur Soltanov idilər.

Şahin Abbasov öz çıxışını Azərbaycanda müstəqil jurnalizmin üzləşdiyi sınaqlara həsr etdi. Abbasov Azərbaycanda müstəqillikdən bəri yaşanılan dövrü jurnalist azadlığı baxımdan üç perioda böldü. Birinci period 1991-93-c illər arasında idi ki, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin hakimiyyətləri dönəmində azad jurnalizm özünün qızıl dövrünü yaşadı. Bu qısa vaxt kəsiyində ANS telekanalı açıldı, TURAN İnformasiya Agentlyi təsis olundu, və bir-birinin ardınca müstəqil qəzetlər nəşr edilməyə başladı. Jurnalistlərin müstəqil informasiyaya çxışı, sərbəst fəaliyyət imkanları və hökumət tərəfindən təqib olunmaması onları ictimai siyasətdə çəkisini xeyli artırmış oldu. Bu dövrdə jurnalizm kifayət qədər nüfuzlu peşə kimi tanınmağa başladı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra situasiya əks istiqamətdə dəyişməyə başladı. Qəzetlər müstəqil maliyyə mənbələrindən məhrum edildilər. 1998-ci ilə qədər Azərbaycanda senzura rəsmən saxlandı və jurnalist azadlığı sərt şəkildə məhdudlaşdırıldı. Şahin Abbasov qeyd etdi ki, İlham Əliyevin hakimiyyətə gəlişi azad mətbuatın durumunu daha da ağırlaşdırdı. Onun prezidentliyinin ilkin çağlarında jurnalist Elmar Hüseynov qətlə yetirildi, bir çox başqaları fiziki hücumlara məruz qaldılar. Çox sayda jurnalist həbs olundu və olunmaqdadır. Hazırkı durumu təsvir edən Abbasov vurğuladı ki, İlham Əliyev hökumətininin müstəqil mətbuata antaqonist münasibəti dəyişməz qalır.

Azərbaycanda sivil cəmiyyət üzrə qeyri-hökumət təşkilatını təmsil edən Leyla Əliyeva ölkədə sosial-siyasi durumun bərbad olduğunu söylədi. Əliyeva bildirdi ki, hökumətin uzun dönəmli siyasəti nəticəsində Azərbaycanda orta sinif büsbütün yox olub. Çox kiçik bir zümrə ötən illərdə xeyli varlanıb, yerdə qalan əhali isə hətta keçmiş Sovet məkanı standartları ilə müqayisədə yoxsuldur. Əhalinin hökumətdən ciddi narazılığını vurğulayan Leyla Əliyeva ölkədə mütləqiyyətin hökm sürdüyünü, cəmiyyətin siyasi proseslərdən kənarlaşdırıldığını bildirdi. Onun sözlərinə görə Azərbaycana daxil olan neft gəlirləri insanların rifahını yaxşılaşdırmaq əvəzinə avtoritarizmin güclənməsinə vasitəçi olub. Əsrin əvvəlində Azərbaycandakı neft bumu ilə indiki vəziyyəti müqayisə edən Leyla Əliyeva Çar dönəmində II Aleksandrın islahatlarından sonra Azərbaycanda müstəqil məhkəminin mövcudluğunu, mülkiyyət hüquqlarının qorunduğunu, bazar prinsiplərinin qismən hökm sürdüyünü söylədi. Əliyev hakimiyyəti dönəmində isə prezident və onun yaxın ətrafı ölkənin neft sərvətinə tam şəkildə nəzarət edir və mülkiyyət hüquqlarına məhəl qoymur. Leyla Əliyeva Azərbaycanda müstəqil məhkəmənin olmadığını və ölkədə inzibati amirlik metodlarının qüvvədə olduğunu qeyd etdi.

Təhlilçi Təbib Hüseynov son 20 ildə əxz edilən dərslər haqda danışdıqda Azərbaycan xalqının öz təcrübəsindən ibrət aldığı nümunələrə diqqət çəkdi. Onun sözlərinə görə, 1991-95-ci illərdə Azərbaycanda dövlətçiliyin iflasa uğraması, anarxiya və torpaqların itirilməsi xalqa belə bir hiss təlqin etdi ki, Azərbaycanın sərt ələ və mərkəzləşdirilmiş hakimiyyətə ehtiyacı var. 1995-ci ildən 2005-ci ilədək olan periodu Təbib Hüseynov ölkədə avtoritar rejimin sabitləşdirilməsi kimi qiymətləndirdi. Bir vaxtlar siyasi düzəni bəzəyən müxtəlif şəxsiyyətlər – Surət Hüseynov, Rövşən Cavadav və Rəsul Quliyev – Heydər Əliyev tərəfindən siyasi səhnədən sıxışdırıldı. Əli İnsanov və Fərhad Əliyevin həbs edilməsi ilə hakimiyyətin əldə cəmləşdirilməsi və siyasi səhnənin boşaldılması İlham Əliyev dövründə də davam etdi. Hazırda Azərbaycan iqtidarında İlham Əliyevdən savayı obraz yoxdur, deyə Hüseynov vurğuladı. Azərbaycanın hazırda üzləşdiyi sınaqları sadalayarkən təhlilçi ölkənin Avropa modelindən üz döndərərək Yaxın Şərq avtoritarizminə yaxınlaşmasından narahatlığını ifadə etdi. O, Azərbaycanda siyasi İslamın baş qaldırmasını və neft siyasətindəki çatışmazlıqları əlavə narahatlıq mənbələri kimi önə çəkdi.

Diplomatik Akademiyadan gəlmiş Elnur Soltanovun irəli sürdüyü nəzəriyyəyə əsasən müstəqilliyini yenicə qazanmış və müharibə içərisində olan Azərbaycan 1990-cı illərin əvvəllərində seçimlə üzləşirdi: Ya Azərbaycan müstəqilliyi uğrunda Rusiya ilə dirəşib Dağlıq Qarabağ məsələsində itkilər verməli, ya da öz ambisiyalarını məhdudlaşdırıb əsas diqqətini Ermənistanla münaqişəyə yönəltməli idi. Soltanov hesab etdiyini bildirdi ki, Əbülfəz Elçibəy hökuməti Rusiyaya qarşı sərt mövqe tutduğundan Azərbaycan hər iki cəbhədə məğlubiyyət təhlükəsi ilə üzləşdi. Heydər Əliyev bu iki məsələ arasında balans tutaraq Azərbaycanın suverenliyini qorumağa və əlavə torpaq itikilərinin qarşısını almağa nail oldu. Soltanov bu siyasətin nəticəsində Ermənistandan fərqli olaraq Azərbaycanda hərbçilərin hakimiyyət üzərində nəzarəti gücləndirə bilmədiyini qeyd etdi.

XS
SM
MD
LG