Accessibility links

Vaşinqtonda "Böyük Qafqaz" haqda hesabat təqdim olundu

  • Əsgər Möhsümoğlu

ABŞ-ın Ermənistandakı sabiq səfiri Don Evans Mark Perrinin “Xarici Siyasət” jurnalında Azərbaycanla İsrail arasındakı hərbi təmaslardan bəhs edən məqaləsinə toxundu. O, bu yazıda üzə çıxan faktların böyük maraq doğurduğunu və Qafqazın geosiyasi müstəvidə genişlənən roluna diqqət çəkdiyini bildirdi.

Aprelin 2-də Vaşinqtonda qərargahlanan Strateji və Beynəlxalq Araşdırmalar İnstitutunda “Böyük Qafqaz: Parçalanma ilə İnteqrasiya Arasında” başlıqlı hesabatın təqdimatı keçirildi. Hesabatın müəllifi Cefri Mankof bütövlükdə Qafqaz regionunun üzləşdiyi sınaqlar, geosiyasi durum və gələcək perspektivlər haqda fikirlərini paylaşdı.

Cənab Mankof hesab etdiyini bildirdi ki, dünyanın strateji kəsişmə nöqtəsində yerləşən Qafqaz böyük dəyişikliklər yaşayır.

"Əgər xəritəyə nəzər salsanız aydın olur ki, Qafqaz mühüm körpü rolunu oynayır. Bu, Şimalla Cənub, Qərblə Şərq arasında tranzit dəhlizinin bir hissəsidir. Bu, elə bir kəsişmə nöqtəsidir ki, Avropa, Orta Asiya, Yaxın Şərq və dünyanın başqa guşələri arasında təmaslar yaxud da parçalanmalar yaradır. Təkcə bu səbəbdən Qafqaz ətraf region üçün mühüm əhəmiyyət kəsb edir."

2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən müharibə regiondakı sabitliyin necə zərif olduğunu nümayiş etdirdi və ərazi status-kvosunun yerli əhali və beynəlxalq ictimaiyyət arasnda legitimlik qazanmadığını üzə çıxardı. 2008-ci il müharibəsi separatçı regionları Gürcüstan dövlətindən de-fakto ayırdı, və Gürcüstanın NATO-ya üzvlük prosesini dayandırdı. Amma münaqişəyə gətirib çıxaran suverenlik və təhlükəsizlik probleminə son qoyulmadı. Cefri Mankofun sözlərinə görə Qafqazda başqa iri problemlər də mövcuddur. Avtoritar Azərbaycan hökuməti Dağlıq Qarabağı geri qaytarmaqla legitimlik qazanmağa çalışır. Bakı ilə Yerevan arasında danışıqlar nəticə vermədiyi halda, iki ölkə arasında silah yarışı gedir. Bu arada Rusiyanın Şimali Qafqaz bölgəsi alovlanmaqda davam edir. 1990-cı illərdən bəri Çeçenistanda baş qaldıran separatçı hərəkat indi cihad xarakteri almaqdadır və bir çox dövlətləri Əl-Qaidanın burada yuva salması perspektivi narahat edir:

“Şimali Qafqazda idarəçiliyin bir çox regionlarda çöküşü, Moskvanın regiona nəzarəti itirməsi müşahidə olunur. Hətta Çeçenistanda avtoritar rejimin bərqərar olmasına baxmayaraq, radikalizm və militançılıq Şimali Qafqazın başqa bölgələrinə sürətlə yayılmaqdadır. “

Hesabata münasibət bildirən Sergey Markedonov sənədin yüksək peşəkarlıqla hazırlandığını və bütövlükdə Qafqaz regionunda vəziyyəti dolğun əks etdirdiyini bildirdi. Onun sözlərinə görə başqa təhlillərdən fərqli olaraq Mankofun hesabatı regionu üzərində sadəcə Böyük Qüdrətlərin yarışdığı şahmat taxtası kimi yox, daxili və xarici qüvvələrin mürəkkəb təmasları ilə səciyyələnən bölgə kimi təsvir edir. Markedonov hesabatın regionda Rusiya, Türkiyə, İran və ABŞ-ın oynadığı rolu müfəssəl təhlil etdiyini və bir sıra yeni qənaətlərlə çıxış etdiyini önə çəkdi ki, bunların sırasında Moskvanın regionda nüfuzunun azalması daha çox diqqət cəlb edir. Bu xüsusda Markedonov Çeçenistanda Ramzan Kadırov idarəçiliyinin sadəcə diktatura və 2008-ci il müharibəsinin Rusiyanın Gürcüstana hərbi müdaxiləsi kimi təqdim edilməsini problematik hesab etdiyini bildirdi.

ABŞ-ın Ermənistandakı sabiq səfiri Don Evans da hesabatın indəyədək region haqda hazırlanmış ən müfəssəl sənədlərdən biri olduğunu qeyd etdi. O, hesabatda Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer verilməsini düzgün hesab etdiyini bildirdi:

“Bu hesabatın güclü aspektlərindən biri də odur ki, o, düzgün olaraq Dağlıq Qarabağ konfliktinə Qafqazda ən təhlükəli qığılcım nöqtəsi kimi baxır.”

Onun sözlərinə görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibə bir çoxlarına xatırlatdı ki, Qafqazda təhlükəsizlik durumu necə zərifdir. Evans “Böyük Qafqaz” anlamının ortaya gətirilməsinin xüsusi diqqət cəlb etdiyini və insanları region haqda daha geniş kontekstdə düşünməyə dəvət etdiyini bildirdi. Don Evans həmçinin Mark Perrinin “Xarici Siyasət” jurnalında Azərbaycanla İsrail arasındakı hərbi təmaslardan bəhs edən məqaləsinə toxundu. O, bu yazıda üzə çıxan faktların böyük maraq doğurduğunu və Qafqazın geosiyasi müstəvidə genişlənən roluna diqqət çəkdiyini bildirdi.

XS
SM
MD
LG