Accessibility links

Vaşinqtonda Orta Asiya və Qafqazın iqtisadi durumuna dair forum keçirildi

  • Əsgər Möhsümoğlu

Vaşinqtonda Orta Asiya və Qafqazın iqtisadi durumuna dair forum keçirildi

Vaşinqtonda Orta Asiya və Qafqazın iqtisadi durumuna dair forum keçirildi

Dekabrın 2-də Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunda “Dirçəliş və Risklər: Qafqaz və Orta Asiya İqtisadiyyatlarının Bugünkü Durumu" adlı forum keçirilib. Forumda çıxış edən iqtisadi ekspertlər regiona dair son statistik göstəriciləri müzakirə ediblər.

Giriş məruzəsi söyləyən Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya Departamentinin direktor müavini Deyvid Ouen ümumən vəziyyətin qənaətbəxş olduğunu söylədi. Cənab Ouenin sözlərinə görə qlobal iqtisadi böhranın təsirləri Orta Asiya və Qafqaz bölgəsindən yan keçməyib. Eyni zamanda qlobal göstəricilərə müvafiq olaraq region iqtisadiyyatlarında oxşar tempdə dirçəliş müşahidə olunur. “Bu dirçəliş neft və qaz ixrac edən ölkələrdə orta hesabla 6 faiz artımla daha güclü olacaq. Azərbaycan üçün gözlənitlər 4.5, Qazaxıstan üçün 5.5, Özbəkistan üçün 8-ə yaxın, Türkmənistan üçün isə 9.5 faiz təşkil edir,” deyə cənab Ouen bildirdi.

Natiq əlavə etdi ki, qonşu Gürcüstan və Ermənistanda da ötən illə müqayisədə əhəmiyyətli artımın baş verəcəyi gözlənilir. Ümumilikdə Rusiyadan keçmiş Sovet respublikalarına göndərilən pulların həcmindəki artım iqtisadi dirçəlişin mühüm əlamətidir.

Bank sektorundakı problemlərin hələ də qaldığını vurğulayan cənab Ouen borcların verilməsində və əmanətlərin qoyuluşu ilə bağlı göstəricilərin inkişaf etmiş dövlətlərlə müqayisədə xeyli aşağı olduğunu bildirdi. Fondun təmsilçisi maliyyə təsisatlarında dövlətin aparıcı rol oynamasını bank sektorunda ləng inkişafın başlıca səbəbi kimi göstərdi. Makro-iqtisadi amillərə gəldikdə Deyvid Ouen taxıl qiymətlərinin bahalaşması ilə bağlı inflyasiyada əhəmiyyətli artımın baş verdiyini və bunun qeyri-müəyyən müddətə davam edəcəyini söylədi.

Daha sonra regionda ayrı-ayrı dövlətlərin iqtisadiyyatları üzrə ixtisaslaşmış ekspertlər məruzə ilə bağlı rəylərini bölüşdülər. Qırğız-Şimali Amerika Ticarət Şurasının icraçı direktoru Mark Deyvid Miller ötən ilin qırğız xalqı üçün faciəli keçdiyini bildirdi. Onun sözlərinə görə yüz minlərlə adamın interetnik iğtişaşlar zəminində didərgin düşməsi və prezident Kurmanbek Bakiyevin devrilməsi ilə bağlı yaranan sabitsizlik ölkənin iqtisadi durumuna ciddi təsir göstərib. O, Qırğızıstanın hazırda üzləşdiyi iqtisadi problemlərin öhdəsindən yaxın müddətdə gəlinəcəyinə böyük şübhə ilə yanaşdığını dedi.

ABŞ-Qazaxıstan Biznes Assosiasiyasının rəhbəri Vilyam Viil Qazaxıstanın regionla müayisədə normal göstəricilər nümayiş etdirdiyini vurğuladı. Lakin vətəndaşlara kredit verilməsində rəsmi Astana hələ də aydın iqtisadi kurs müəyyən etməyib. “Nizamlamalar burada mühüm amildir. Maliyyə sektoru üzərində ciddi nəzarət problem olaraq qalır,” deyə cənab Viil bildirdi.

Amerika-Gürcüstan Biznes Şurasının prezidenti Mamuka Tsereteli ölkədə aparılan siyasi islahatların iqtisadi artıma təkan verdiyini söylədi. Bununla belə o, Gürcüstana investisiya cəlb olunması sahəsində problemlərin mövcud olduğunu və əmlak hüquqlarının qorunması ilə bağlı məhkəmə prosesində təkmilləşməyə ehtiyac olduğunu bildirdi. Turizm sənayesindəki inkişafı qeyd edən Tsereteli təkcə ötən il ərzində Gürcüstana gələn turistlərin sayının 20 faiz çoxaldığını və bu rəqəmin artan xətt üzrə inkişaf edəcəyini bildirdi.

Forumun başqa iştirakçıları Türkmənistan və Özbəkistanda müşahidə olunan iqtisadi cərəyanlardan söz açdılar. Təqdimatların ardınca forum sual-cavab sessiyası ilə başa çatdı.

XS
SM
MD
LG