Accessibility links

Vaşinqtonda ərəb inqilablarının Azərbaycana təsiri müzakirə olunub (VİDEO)


Vaşinqtonda ərəb inqilablarının Azərbaycana təsiri müzakirə olunub (VİDEO)

Vaşinqtonda ərəb inqilablarının Azərbaycana təsiri müzakirə olunub (VİDEO)

Azərbaycanlı Ramsfeld təqaüdçüsü Fidan Hüseynli təqdimatı zamanı Ərəb ölkələri ilə Qafqaz ölkələri, xüsusilə Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu bildirdi

“Azərbaycanda Ərəb inqilablarının təsirləri bizim yüksək təhsilli gənclərimiz tərəfindən nümayiş etdirilir”. Bu sözləri Vaşinqtonda Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutununda (CACI/SAIS) “Ərəb dünyasındakı hadisələrin Qafqaz və Mərkəzi Asiya ölkələrinə təsirləri” mövzusunda keçirilən konfrans zamanı iştirakçılardan Fidan Hüseynli Amerikanın səsinə açıqlamasında bildirib.

Konfransda çıxış edənlər 8 ölkə - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Monqolustan, Tacikistan və Özbəkistandan olan Ramsfeld təqaüdçüləri olub.

Tədbiri giriş sözü ilə açan institutun direktoru Frederik Star daha sonra sözü gənc elmi-tədqiqatçılara verdi. Azərbaycanlı Ramsfeld təqaüdçüsü Fidan Hüseynli təqdimatı zamanı Ərəb ölkələri ilə Qafqaz ölkələrinin, xüsusilə Azərbaycanın tam eyni mövqedə olmadığını bildirsə də, bir çox oxşarlıqları iştirakçıların nəzərinə çatdırdı. Xanım Hüseynli bu oxşarlıqları ailə hakimiyyəti, yüksək korrupsiya səviyyəsi, bir çox sahələrdə inhisarçılıq, vətəndaş cəmiyyətinə qarşı siyasi repressiyalar və ölkə gəlirlərinin əsasən neft-qaz ehtiyatlarından daxil olması ilə səciyyələndirdi: “Ancaq Azərbaycanda son günlər baş verən etiraz aksiyaları yoxsul insanlar, işsizlər tərəfindən deyil, gənclər, bir növ facebook nəsli tərəfindən həyata keçirildi. Onlar iş yerləri olan, yüksək təhsilli gənclər idi və onlar Tunis və Misirdə baş verən hadisələrdən ilhamlanmışdılar”.

Vaşinqtonda ərəb inqilablarının Azərbaycana təsiri müzakirə olunub (VİDEO)

Vaşinqtonda ərəb inqilablarının Azərbaycana təsiri müzakirə olunub (VİDEO)

Aksiyalarda iştirak edənlərin 200-300 nəfərlə məhdudlaşdığını dilə gətirən Fidan Hüseynli bu aksiyaların 2003-cü ildən bəri ən böyük nümayiş olduğunu xatırlatdı. O, ölkə telekanallarında bu insanları sabitliyi pozmaqda ittiham etdiyini dilə gətirərək ölkə başçısı İlham Əliyevin korrupsiya əleyhinə sərt kampaniya başladığını da diqqətə çatdırdı. Amerikanın səsinə açıqlamasında xanım Hüseynli ölkədə iqtisadi inkişafın olduğunu, ancaq eyni zamanda siyasi azadlıqların həddən artıq məhdud olduğunu bildirib: “Siyasi azadlıqların olmaması, dövlət tərəfindən represiya olunması bu gün, ya sabah ya 10-15 il sonra hansısa bir neqativ təsirlərini göstərə bilər”.

Gürcüstandan olan Ramsfeld təqaüdçüsü Levan Dolidze isə təmsil etdiyi ölkədə demokratik proses yaşansa da, bir çox problemlərin olduğunu da etiraf etdi. Onun sözlərinə görə, ölkədə seçkilər hələ də problematik, siyasi azadlıqlar isə kövrəkdir. Cənab Dolidze Gürcüstanda hələ də dinc yolla hakimiyyət dəyişikliyinin baş vermədiyini dilə gətirdi.

Təmsil etdiyi ölkədə son 6 ildə iki inqilabın baş verdiyini bildirən qırğızıstanlı Əziz Abəkirov proseslərdə sosial mediaların rolunu vurğuladı. O, hətta 2005-ci ildə Qırğızıstanda baş verən inqilabda da sosial mediaların rolunun böyük olduğunu bildirdi. Gənc tədqiqatçı o zaman ölkədə bloqların məhşur olduğunu dilə gətirdi.

Tədbirin sual-cavab sessiyasında söz alan Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı ölkədə narazı gənclərin olduğunu etiraf etsə də, dövlətin gənclərin inkişafına ayırdığı vəsaitlərlə çoxsaylı gəncin xaricdə təhsil aldığını və hökumətdən çox razı olduğunu bildirdi. CACI/SAIS direktoru Frederik Star isə hakimiyyətdən çox razılıq edən gənclərdən narahat olduğunu dilə gətirdi: “Onlar indi çox razıdırlarsa, bəs qocalanda nə edəcəklər?” sualı ilə fikrini tamamladı.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG