Accessibility links

Valideynlər N!DA-çıları tək qoymur - Aclıq aksiyası davam edir [Video]


N!DA-nın həbsdə olan fəalları 5-ci gündür aclıq edir

N!DA Vətəndaş Hərəkatının həbsdə olan 8 fəalının aprelin 17-dən 1 saylı Bakı İstintaq Təcridxanasında başladığı aclıq aksiyası Müsavat Partiyasının qərargahında onların valideynləri tərəfindən davam etdirilir. Belə ki, fəalların aksiyasına aprelin 20-də onların 3 valideyni də qoşulub. Valideynlər aclıq aksiyasını Müsavat Partiyasinin mərkəzi qərargahında keçirir.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Amerikanın Səsinə bildirilib ki, “Nida” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvlərinin aclıq aksiyası etməsi barədə olan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda təcridxananda saxlanılan bütün “Nida” üzvlərinin səhhəti tam normaldır”.

Aclıq aksiyası fəalların həbsdən azad edilməsi tələbi ilə keçirilir. Aksiya məhkəmədə prokurorun gənclərə 8 il yarımadək həbs istəməsindən sonra başlayıb.

Belə ki, aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə pr.okuror iş üzrə təqsirləndirilənlər, - Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay cəza verilməsini istəyib.

Həbsdə olan NİDA fəalı Rəşadət Axundovun təşkilatın Facebook səhifəsində yayılmış bəyanatında deyilir: “Əziz dostlar, biz dünəndən (17 apreldən) etibarən aclıq aksiyasına başlamışıq. Qərarımız qətidir. Sizlərdən və valideynlərdən xahişimiz odur ki, aclığı dayandırmaq barədə bir istəyiniz olmasın. Hər bir halda imtina edəcəyik. Bu, bizim və sizin azadlığıniz uğrunda apardığımız vicdan və ləyaqət davasının növbəti mərhələsidir. Bəlkə də bizim üçün son mərhələdir. Çünki burdan ya cəsədimiz çıxacaq, ya azad etməlidirlər. Başqa yol yoxdur. Şərtimiz yalnız budur!”, Axundov qeyd edir.

Müsavat qərargahında aclıq edənlərdən bu gün ikisinin səhhətində problem yaranıb. Təcilli tibbi yardımdan sonra hər iki şəxs aksiyanı davam etdirəcəyini bildirib.

Vəkillər həmçinin təcridxanada aclıq edən fəalların bir neçəsinin də səhhətində problemlər yarandığını bilidirib.

Bu gün Müsavat Partiyasının qərargahında aclıq aksiyasına daha 2 nəfərin qoşulacağı gözlənilir.
XS
SM
MD
LG