Accessibility links

Vaşinqtonda Azərbaycandakı siyasi məhbuslara dəstək tədbiri keçirildi [Video]


Yanvarın 31-də ABŞ paytaxtı Vaşinqtonda bir sıra azərbaycanlı fəal Azərbaycandakı siyasi məhbus ailələrinə maddi yardım göstərmək məqsədilə ianə kampaniyası çərçivəsində "Azərbaycandakı siyasi məhbuslara dəstək verin!" adlı tədbir keçiriblər. Kampaniya ərzində onlar $3,000 ABŞ dolları toplayıblar. Tədbirdə Amerikada yaşayan azərbaycanlılarla birlikdə, Amerika və digər ölkələrin nümayəndələri də iştirak edib.

Biz burda olan insanlara göstərmək istəyirik ki, siyasi məhbuslar bir kütlə deyil, onlar real insanlardır

Tədbir təşkilatçılarından Aynur Cəfər ianə kampaniyasının məqsədinin məhbus ailələrinə yardım etmək məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, siyasi məhbusların əksəriyyəti kişilər və ailənin əsas pul mənbəyi olduğu üçün, onların həbsi ilə ailələri bir sıra maddi çətinliklərlə üzləşir və bu ianə kampaniyası nəticəsində toplanan pulla onlara bir az da olsa, kömək edə bilər.

Aynur Cəfər: “Əsasən, biz həmişə danışırdıq öz aramızda Tamara ilə ki, Azərbaycandakı siyasi məhbus ailələrinə necə yardım edə bilərik, çünki bilirik ki, onların çoxunun ailələri maddi baxımdan əziyyət içərisində yaşayırlar. və nəticədə belə bir qərara gəldik ki, ianə kampaniyası keçirək və bir məbləğ pul toplayıb, o pulu çox ehtiyac içərisində yaşayan ailələrə göndərək ki, onlar heç olmasa bu vəsaitdən istifadə edib bir neçə müddət həbsxanaya gedib-gələ bilərlər, yemək apara bilərlər siyasi məhbuslara. Məhz belə yarandı bu ideya və məqsəd də sırf humanitardır – sırf siyasi məhbus ailələrinə, ehtiyacı olan ailələrə kömək etmək məqsədi daşıyır.”

Tədbirin digər təşkilatçısı Tamara Qrigoryeva isə əlavə olaraq deyib ki, siyasi məhbuslara onların unudulmadığını xatırlatmaq, bütün dünyadan insanların onların yanında olduğunu bildirmək də çox vacibdir.

“Həm də ki, məhbuslar hərdən fikirləşir ki, onları unudublar və ona görə, biz fotoqraf Cahangir Yusifin fotolarından istifadə etdik. Bu insanların bəziləri artıq həbsdən çıxmış məhbuslardır və bəziləri də həbsdə olanların ailələridir. Və biz burda olan insanlara göstərmək istəyirik ki, siyasi məhbuslar bir kütlə deyil, onlar real insanlardır. İnsanlar gəlib bu şəkillərə baxırlar və biz həmçinin açıqca kampaniyası keçiririk. Buradakı insanlar bu açıqçaları imzalayacaqlar və biz toplanan pulla göndərəcəyik həmin ailələrə və onlar görəcəklər ki, biz onları unutmamışıq,” deyə o bildirib.

Şura Əmiraslanova, Qiyas İbrahimovun anası

Şura Əmiraslanova, Qiyas İbrahimovun anası

Tədbirin iki xüsusi qonağı ABŞ-ın Azərbaycanakı keçmiş səfiri Riçard Kazlariç və keçmiş siyasi məhbus Adnan Hacızadə olub.

Cənab səfir Azərbaycanla bağlı xatirələrindən, Azərbaycan xalqına olan sevgisindən və siyasi baxışlarına görə həbs olunan insanlara yardımın mühümlüyündən bəhs edib. O, bu tədbirin vacibliyini vurğulayaraq, deyib ki, Azərbaycandakı siyasi məhbus problemi daim gündəmdə olmalıdır.

2009-cu ildə siyasi fəallığına görə həbs edilən Adnan Hacızadə məhbəsdə olan insanlar üçün məktub almağın çox vacib olduğunu, bunu onları çox sevindirdiyini və ruhlarını yüksək tutmağa yardım etdiyini deyib. O, həmçinin həbsxana yeməklərinin çox pis olduğunu və bu səbəbdən ailələrin məhbuslara yemək apardıqlarını deyib, lakin məhbus ailələrinin çoxunun maddi imkanlarının olmadığını nəzərə alaraq, bu cür ianə kampaniyalarının onları maddi yardımla təmin etmək istiqamətində vacib olduğunu deyib.

Keçmiş siyasi məhbus kimi mən də bu cür tədbirləri çox vacib sayıram. Həbsdə olan insanlar hiss eləməlidir ki, çöldə olan insanlar onlar haqda unutmayıblar. Məktubların yazılması çox vacibdir, bağlamaların göndərilməsi çox vacibdir.

Adnan Hacızadə: “Keçmiş siyasi məhbus kimi mən də bu cür tədbirləri çox vacib sayıram. Həbsdə olan insanlar hiss etməlidir ki, çöldə olan insanlar onlar haqda unutmayıblar. Məktubların yazılması çox vacibdir, bağlamaların göndərilməsi çox vacibdir. Salamların ötürülməsi belə çox vacibdir, çünki hal-hazırda biz onlara, ola bilər ki, başqa cür kömək edə bilmərik. Ona görə, mənəvi cəhətdən kömək çox vacibdir və mən arzu edirəm ki, bu tədbir həmin bu məsələdə yardımçı olacaq.”

Tədbirdə azərbaycanlı fotoqraf Cahangir Yusifin "Distance" (Məsafə) adlı fotosərgi nümayiş etdirilib. Fotosərgidə hazırda həbsdə olan siyasi məhbusların ailələri, eləcə də yeni həbsdən çıxan siyasi məhbusların fotoları yer alıb.

Tədbirdə həmçinin Azərbaycan mahnıları sədaları altında qonaqlar milli təamlardan da dadıblar.

Sonda tədbir iştirakçıları Azərbaycandakı siyasi məhbuslara məktublar yazıb, açıqçalar imzalayıblar.

XS
SM
MD
LG